Analitika

28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olmuşdur. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparmışdır.

XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olmuşdur.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.

ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları — bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut etdi. Müstəqillik Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq qərara alır:

Maddə 1. Mayın 28-i Müstəqillik Günü elan edilsin.

Maddə 2. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin.

Maddə 3. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilsin.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi;

1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də – Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır;

Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

Piriyeva Pərvanə,
Xəzər rayonu, Emin Əliyev adına 234 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button