Hələ tarixi Azərbaycan torpaqlarına 200 il bundan qabaq ermənilərin köçürülməsi zamanından xalqımıza qarşı düşmənçilik siyasəti həyata keçirilirdi. Belə ki, rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparmışdır. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları gündən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışaraq yaşayış məskənlərində Azərbaycanlıları sıxışdırmağa çalışmışlar. Rusiya inqilabının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə 100 minlərlə soydaşımızı qətlə yetirmişlər. 1918-1920 illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Bu illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda 10 minlərdə dinc əhali soyqırımına məruz qalmış onlara işgəncələr verilmiş bir çox yaşayış məskəni dağıdılmış və yerlə yeksan edilmişdir.
1948-1956-cı illərdə Ermənistandakı öz tarixi torpaqlarında 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş və ermənistan mono etnik dövlətə çevrilmişdir. 1988-ci ildən başlayan Qarabağ hadisələri Erməni ideoloqlarının “Dənizdən dənizə “adli sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin şəhərlərin dağılması 10 minlərlə günahsız insanın ölümü 100 minlərlə Azərbaycanlıların tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı fərman ilə 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı” günü kimi qeyd edilmişdir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birəşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Bu zaman 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini 130 nəfər vaideynlərindən birini itirmiş, minlərlə dinc əhali əlil olmuşdur.
Münaqişənin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş, ATƏM 29 il ərzində məsələnin həllinə yox dondurulmasına çalışmış, bununla illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Həm işğalçıya həm də işğala məruz qalan tərəfə eyni münasibət göstərilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan daima hüquqa sadiqliyini nümayiş etdirmiş, münaqişənin danışıqlar vasitəsi ilə həllinə çalışmışdır. BMT işğalçı Ermənistana təzyiq göstərməyə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyənatlarla kifayətlənmişdir. BMT TŞ-nın Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır və bu qətnamələr 30 ilə yaxın danışıqlar prosesi nəticəsində öz həllini tapmamışdır.
Bu illər ərzində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olunmuşdur. Torpaqlarımızın işğalı milli mədəni irsimizə də ağır zərbə vurmuşdur. Bu illər ərzində Ermənilər Azərbaycanda olan infrastrukturu Azərbaycanın misilsiz mədəniyyət abidələri məhv edilmişdir. 30 il Ermənistan işğalı siyasətini davam etdirmiş, ərazimizdə təxribatlar törətmiş, təmas xətti boyunca dinc əhaliyə atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.
2016-ci il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bildirmişdir. Ermənistan isə bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, xalqımıza qarşı aşağılayıcı bəyanatlar vermişlər. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud surətdə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqeyinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli rayonlarının yaşayış məntəqələrini atəşə tutub növbəti təcavüzə başladılar. Belə olduqda Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
27 sentyabr Azərbaycan ordusu torpaqları azad etməyə başladı. Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Aərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri şanlı Aərbaycan Ordusu tərəfindən azad edildikdən sonra noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri, Rusiya Prezidenti münaqişə zonasında atəşkəsin tam dayandırılması barədə bəyanat imzalayıblar. Vətən müharibəsində 2908 Azərbaycan hərbiçisi şəhid olmuş, mindən çox əsgər yaralanmş 6 nəfər itkin düşmüşdür. Aparılan əməliyyatlar nəticəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad olunmuşdur. 44 günlük müharibə ermənilərin məğlubiyyəti ilə nəticələndi. Azərbaycan qələbə qazandı.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində Qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramının ifadəsidir. Anım günü gənc nəsli vətənpərvər ruhda tərbiyyə olunması, ölkə vətəndaşlarının birliyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır.
Əliyev Elçin,
Xəzər rayonu, 26 nömrəli Tam Orta Məktəbin Tarix müəlimi