Analitika

27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı

Tarix boyu Qarabağ bölgəsi və bu bölgənin siyasi və mədəniyyət mərkəzlərindən biri olan Ağdam siyasi, iqtisadi və strateji baxımdan olduqca əhəmiyyətli məkanlardandı. Strateji əhəmiyyət daşıyan bu ərazilər zəngin ticarət karvanlarının, əzəmətli orduların, diplomatik elçilik heyətlərinin, səyyahların diqqət mərkəzində olmuş, bir çox tarixi və ədəbi əsərlərin mövzusuna çevrilib. Qaynaqlarda Qarabağın ağ incisi Ağdam haqqında verilən məlumatlar bölgənin tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Tarixi qaynaqlar Ağdam bölgəsi və bu bölgənin siyasi və mədəni həyatı haqqında olduqca əhəmiyyətli məlumatlar verməkdədir. “Ağdam” sözünün etimologiyası barədə müxtəlif versiyalar səslənir. Onlardan biri türk qəbilələrinin düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vax düzənlik yerlərdə kiçik qalalar inşa etməsi və “ağdam” sözünün də qədim türk dilində “kiçik qala” mənası dașımasıdır. Sonradan “Ağdam” kəlməsinin “İșıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIll əsrdə Pənahəli xanın özünə ağ dașdan ev tikdirməsi ilə əlaqələndirirlər, Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks – ağ imarət idi. Ağdam Qarabağın giriş qapısıdır və 27 ildə düşmənin vəhşiliyi burada heç bir həyat əlaməti saxlamamış, şəhər səhralığa bənzər bir xarabalığa çevrilmişdi. Ağdamın həm strateji əhəmiyyəti, həm də bu acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq buradan başlanması zərurətini yaradırdı. Beləliklə, 2021-ci il 28 may tarixində Ağdamın Baş Planı Azərbaycan ictimaiyyətinə təqdim olundu. 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binası, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşı atıldı.2022-ci ilin 13 fevral tarixində Prezident İlham Əliyev daha bir neçə vacib obyektin təməlinin atılması, bir neçə obyektin açılışı  üçün yenidən Ağdamda oldu. Bu, Ağdamda görülən və görüləcək işləri ictimaiyyətə detallı təqdim edən bir səfər idi.  Belə ki, Ağdamı qaranlıqdan çıxaracaq 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyaları işə salındı. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi.Burada ən son innovativ texnologiyalar əsasında Prezidentin xüsusi nümayəndəliyinin qərargahı fəaliyyət göstərir. Qərargahda innovativ tikinti materiallarından istifadə olunmaqla, yüksək keyfiyyətli modul tipli isti və soyuğa davamlı, ekoloji fərdi yaşayış və inzibati binalar inşa olunub. Təhlükəsizliyin təmin edilməsi məqsədilə müasir kamera müşahidə məntəqəsi yaradılıb, açıq və qapalı idman zalları, futbol, basketbol və voleybol meydançaları, ilkin tibbi yardım məntəqəsi, müxtəlif tədbirlər üçün iclas zalı və avtomobil dayanacaqları tikilib.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button