27 il sonra Cəbrayılına qovuşan Azərbaycan
Keçdiyi uzun və məşəqqətli tarixi dövr ərzində Azərbaycan həmişə digər ölkələrin diqqət mərkəzində olub. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları və zəngin təbiəti olan ölkəmizin ərazisi müxtəlif vaxtlarda digər dövlətlər arasında bölüşdürülüb. Lakin xalqımıza torpaqlarımıza qarşı ən amansız işğalçı siyasəti Ermənistan həyata keçirmişdir. 1980-ci illərin sonlarından etibarən Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər orda yaşayan azərbaycanlıları öz doğma yurdlarından qovmağa, onları girov götürməyə başlamışdır.
Xalqımıza, günahsız, dinc əhaliyə divan tutmuş, tarixdə görülməyən vəhşiliklər həyata keçirmişdir. 90-cı illərdən ermənilərin işğalçı siyasəti daha da genişlənmiş Azərbaycanın Qarabağ bölgəsi və ona bitişik yeddi rayon işğal edilmişdir. Bu rayonlardan biri də Cəbrayıl rayonudur. Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunub. Birinci Qarabağ döyüşündə Cəbrayıl 400 nəfərə yaxın şəhid vermişdir. Azərbaycan ordusunun 1994-cü ildə həyata keçirdiyi Horadiz əməliyyatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdir. 2016-ci ildə baş verən Aprel döyüşləri zamanı isə Lələtəpə yüksəkliyi azad edilmiş və Cocuq Mərcanlı kəndinə nəzarət Azərbaycan ordusunun əlinə keçmişdir. 2020-ci ildə başlayan və 44 gün davam edən Böyük Vətən müharibəsində isə şanlı Azərbaycan ordusu dörd oktyabr tarixində Cəbrayıl rayonunu erməni işğalından azad etmişdir. 27 il sonra Cəbrayılın azad olunması ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edildi. Müharibə bitdikdən cəmi altı gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Cəbrayıl rayonuna gəldi və tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Azərbaycan bayrağının oraya sancılması və orada dalğalanması böyük tarixi və siyasi əhəmiyyətə malik hadisə idi. Cəbrayıl rayonun Azərbaycanın tarixi və dini abidələri ilə zəngin rayonlarından biridir. Rayonun işğaldan azad olunması bütün Azərbaycan xalqı üçün sevindirici hadisə idi, lakin doğma yurdlarından, evlərindən didərgin düşmüş, bir gün yenidən evini,torpağını görmək ümidi ilə yaşayan insanlar üçün daha mühüm, daha müqəddəs idi.
Abbasova Zərxanım,
YAP-ın fəalı