AnalitikaGündəmOrdu

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü- Qəhrəmanlıqdan Zəfərə Uzanan Şanlı Yol

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü xalqımızın qürur və ehtiramla qeyd etdiyi əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu, qazandığı tarixi zəfərləri və dövlətimizin təhlükəsizliyinin təmin olunmasındakı müstəsna rolunu bir daha xatırladır.

Azərbaycan milli ordusunun təməli 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə qoyulmuşdur. Həmin gün milli ordunun yaradılması haqqında fərman imzalanaraq müstəqil dövlətçiliyin qorunmasına xidmət edən mühüm addım atılmışdır. Bu gün 108 illik şanlı tarixə malik Azərbaycan Ordusu ölkəmizin təhlükəsizliyinin və sabitliyinin əsas təminatçılarından biridir.

Müstəqilliyin ilk illərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət ordu quruculuğu prosesinə də mənfi təsir göstərirdi. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Silahlı Qüvvələrdə genişmiqyaslı islahatlar həyata keçirildi. Vahid komandanlıq sistemi formalaşdırıldı, nizami hərbi hissələrin yaradılması sürətləndirildi və peşəkar ordu quruculuğunun möhkəm təməli qoyuldu.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müasir silah və hərbi texnikaların alınması, hərbi infrastrukturun yenilənməsi, şəxsi heyətin peşəkarlığının artırılması və hərbçilərin sosial rifahının yaxşılaşdırılması ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəltdi.

Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2016-cı ilin Aprel döyüşlərində özünü bir daha göstərdi. Ermənistanın təxribatlarına qarşı həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində bir sıra strateji yüksəkliklər və vacib mövqelər işğaldan azad edildi. Dörd gün davam edən döyüşlər xalqımızın qələbəyə olan inamını daha da möhkəmləndirdi.

Bu inam 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində möhtəşəm Zəfərlə nəticələndi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla işğal altındakı torpaqlarımızı azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Suqovuşan və digər yaşayış məntəqələrinin, eləcə də Qarabağın tacı olan Şuşanın azad edilməsi tariximizin ən parlaq səhifələrinə yazıldı. 10 noyabr 2020-ci il tarixində əldə olunan Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ oldu.

2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi tam təmin edildi. Qısa müddətdə uğurla başa çatan əməliyyatlar qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və konstitusiya quruluşunun bütün ərazilərdə bərpası ilə nəticələndi.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü və peşəkar ordularından biri kimi tanınır. Ordumuzun əldə etdiyi uğurların əsasında güclü dövlət siyasəti, müasir hərbi hazırlıq sistemi, xalq-ordu birliyi və Vətənə sonsuz sədaqət dayanır.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı və ehtiyatda olan zabitlərimizi ürəkdən təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Azərbaycan Ordusunun şanlı tarixi, qəhrəmanlıq salnaməsi və qazandığı möhtəşəm zəfərlər xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün qürur mənbəyi olacaqdır.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button