23 aprel hadisələri çox önəmli bir tarixdir
2020-ci il noyabrın 10-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son nöqtə qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanatla Azərbaycan öz tarixi ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Prezidenti bu barədə deyib: “Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır”. Beləliklə, bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid vermədən azad edildi. Zəngəzur dəhlizinin yaradılması tarixi zərurətə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsindən sonra Ermənistan ilə sülh müqaviləsinin hazırlanması təşəbbüsü ilə çıxış etdi.
2022-ci il oktyabrın 6-da Çexiya Respublikasının paytaxtı Praqa şəhərində yeni təşəbbüs olaraq qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi yaradılmış, məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək olan “Avropa siyasi birliyi” Zirvə Toplantısında Azərbaycan-Ermənistan münasibətləri yenidən müzakirə obyekti oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi, bununla da ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Bu hadisə Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirildi.
Ermənistan tərəfindən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən etibarən qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 138 gün davam edən dinc etiraz aksiyası başlandı.
Aprelin 23-nə qədər də bir neçə dəfə Ermənistana və yerli separatçılara Qarabağın bizim torpağımız olduğunu nümayiş etdirdik. “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatlarının tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar olduğunu xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi. Yəni, o əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi”.
Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra hələ də tamamlanmamış və öz həllini gözləyən vacib məsələlərdən biri də məhz Laçın dəhlizi ilə bağlı idi. Göstərilən təzyiqlərə, hədə-qorxular baxmayaraq 2023-cü il aprelin 23-də cəmi bir neçə saat ərzində Laçın rayonunda, Həkəri çayının üzərindəki körpüdə, Azərbaycan-Ermənistan sərhədində öz postunun- sərhəd-buraxılış məntəqəsinin qurulması ilə növbəti tarixi hadisə baş verdi. Prezidentimiz İlham Əliyev Laçın şəhərində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışında bu hadisə ilə bağlı demişdir: “ Biz bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirdik. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.
Bununla da Prezidentimiz İlham Əliyev böyük strateji düşüncə nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünün tam bərpası prosesini başa çatdırdı. Ermənistanın Laçın yolundan sui-istifadəsinə, silah və sursatların daşınmasına, Ermənistanın Qarabağ sakinləri olan ermənilərlə 1988-ci ildən başladıqları özbaşına, qızışdırıcı, separatçı əlaqələrinə məhz həmin gün son qoyuldu. 23 aprel 8 noyabr Zəfərini məzmunca tamamlayan real tarix oldu. Ölkə prezidenti, Ali Baş komandanın qətiyyətli addımlar və qəbul etdiyi qərarlarla dünyaya sərt mesaj verildi ki, Laçın yolu sahibsiz deyil, bizdən qoparıla bilməz, başqalarının nəzarətində qala bilməz. Bu ərazi süveren Azərbaycanın ərazisidir və bu ərazidə süveren hüquqlarımızdan irəli gələn bütün addımlar kimsəyə hesab vermədən atılacaq.
Yeni dövrə yeni hədəflərlə qədəm qoymuş azad, qüdrətli Azərbaycan bundan sonra həm iqtisadi, həm də hərbi gücünü daha da artıracaq. Daha firavan, daha xoşbəxt gələcəyinə doğru yoluna inamla davam edəcək.
Var olsun möhtəşəm qələbəmizin rəmzi olan “Qarabağ Azərbaycandır və nida” ifadəsini milli şüara çevirən, BMT qərargahında, Brüsseldə və Praqada rəsmi olaraq ermənilərə bu şüarını dedizdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Sevinc Rəsulova,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi YAP təşkilatının sədri