2023-cü il Azərbaycanın hərbi-siyasi müstəvidə böyük qələbələrə imza atdığı il kimi tarixə keçdi
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti ilk baxışdan ənənəvi bayram təbriki məqsədini daşısa da, lakin bu müraciət həm də suverenliyini tam bərpa etmiş bir ölkənin siyasi liderinin, qalib dövlətin Ali Baş Komandanının çıxışı kimi xarakterizə olunmalıdır. Dövlətimizin başçısı arxada qalan 2023-cü ilin yekunlarından danışarəkən ilk növbədə dövlət suverenliyimizin bərpa edilməsinin Azərbaycan xalqının yaddaşında ən mühüm tarixi hadisə kimi əbədi qalacağını qeyd etdi. Suverenliyimizin bərpası 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatı nəticəsində mümkün oldu. Prezident vurğuladı ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, bizim dövlət bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Xankəndidə və digər ərazilərdə yuva salmış, istehkam qurmuş Ermənistan ordusunun silahlı qalıqları tərksilah edilmədən, separatçı rejim məhv edilmədən suverenlyimizin tam bərpasından danışmaq mümkün deyildi. Təbii ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi. Və biz bunu son üç il ərzində sülh yolu ilə həll etməyə səy göstərirdik. Rəsmi Bakı hesab edirdi ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün ağıllı nəticə çıxaracaq. Azərbaycan Prezidenti ən müxtəlif kürsülərdən həm Ermənistan rəhbərliyinə, həm də ona havadarlıq edən Qərb ölkələrinə dəfələrlə xəbərdarlıq etmişdi ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Rəsmi Bakı separatçı rejimin özünü buraxmalı olduğunu və Ermənistan ordusunun bizim ərazilərimizdən çıxarılması tələbini dəfələrlə səsləndirmişdi. Ancaq qarşı tərəf bu tələbləri, ismarıcları eşitmək istəmədiyinə görə biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa etməli olduq. Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi 23 saatlıq lokal antiterror əməliyyatı nəticəsində Xankəndi başda olmaqla Yuxarı Qarabağın bütün məntəqələrində Ermənistan ordusunun hissələri və separatçılar darmadağın olundu, separatçı rejimi ağ bayraq qaldırdı, təslim oldu. Prezident İlham Əliyevin söylədiyi kimi Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Bu gün postsovet məkanında separatçılıq problemi ilə üzləşən ölkələr çoxdur. Lakin Azərbaycan hələlik yeganə ölkədir ki, uzun illər ərzində aparılan danışıqlar prosesinin səmərəsizliyini nəzərə alaraq işğal və separatizmə məhz hərbi-siyasi yolla son qoymağı bacardı. Bu da ilk növbədə Azərbaycan Prezidentinin siyasi-diplomatik təcrübəsi və uğurlu komandanlığı, sərkərdəliyi nəticəsində mümkün oldu. Cənab İlham Əliyev həmsədrlərin moderatorluğu ilə davam edən “sülh” danışıqlarının tələ olduğunu və bu problemi yalnız hərbi yolla həll etməyin yeganə əlverişli variant olduğunu başa düşürdü. Ona görə də dövlət başçımız bu problemi “Qordi düyünü”nü kimi çözdü. Finikiya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş məşhur düyün Makedoniyalı İsgəndər tərəfindən qılınc zərbəsi ilə çözüldüyü kimi, ATƏT-in Minsk Qrupunun düyünə saldığı Qarabağ problemi də İlham Əliyevin sərt siyasi iradəsi və dəmir yumruğu nəticəsində həllini tapdı. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, əsgər və zabitlərimizin peşəkarlığı, qazilərimizin qəhrəmanlıq və fədakarlığı sayəsində işğalçı Ermənistan ordusu darmadağın edildi, separatçı rejim tarixin zibilxanasına atıldı. Bundan sonra Azərbaycanda separatizm bəlası bizim torpağımızda bir daha baş qaldıra bilməyəcək. Prezident İlham Əliyevin müraciətində milli birlik, həmrəylik amili də qabarıq vurğulandı. Dövlətimizin başçısı tarixi Zəfərimizin – İkinci Qarabağ müharibəsindəki Zəfərin, habelə lokal antiterror əməliyyatının nəticələrini, torpaqlarımızın işğalçılardan azad olunmasının, separatçı rejimin çökməsinin yaratdığı yeni reallıqları tam da haqlı olaraq hazırda xalqımızda, bütün dünya azərbaycanlılarında müşahidə olunan həmrəylik ovqatı ilə əlaqələndirdi və Ermənistanın işğalçılıq siyasəti nəticəsində, xüsusən mülki insanlara qarşı törədilən çoxsaylı cinayətlərin, o cümlədən Xocalı qurbanlarının qisasının bu il döyüş meydanında alınmasına görə hər bir Azərbaycan vətəndaşının, dünyada yaşayan hər bir azərbaycanlının haqlı olaraq qürur hissi keçirdiyini qeyd etdi: “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar. Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir”. Təbrik müraciətində həmçinin işğaldan azad edilmiş ərazilərdə hazırda geniş miqyaslı bərpa-quruculuq işlərinin aparılmasına, Böyük Qayıdış üçün hazırlıqların görülməsinə də xüsusi olaraq toxunuldu. Dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzurun bu gün böyük tikinti meydançasına çevrildiyini qeyd etdi. Bildirildi ki, biz işğal dövründə düşmən tərəfindən tamamilə dağıdılmış, talan edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və bunun nəticəsində 2023-cü ildə 5 minə yaxın keçmiş məcburi köçkün artıq öz doğma torpaqlarına qayıdıb. 2024-cü ildə də bu proses davam edəcək, bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Belə ki, yeni ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Hesab edirəm ki, Prezidentin bu açıqlaması Xankəndidən olan soydaşlarımız üçün ilin ən xoş sürprizlərindən biri oldu. 35 il bundan öncə Qarabağda erməni separatizminin və terorizminin baş qaldırması nəticəsində öz evlərini tərk etmək məcburiyyətində qalan Xankəndi azərbaycanlılarının bu il öz evlərinə qayıdışı prosesinin sürətlənəcəyi dövlət başçısı tərəfindən şəxsən vurğulandı. Xankəndinin məskunlaşdırılması prosesinə start verilməsi Ermənistandakı revanşist qüvvələrin və Fransa kimi qızışdırıcıların Xankəndi ilə bağlı spekulyasiyalarına da son qoyacaq. 2023-cü il Azərbaycanın hərbi-siyasi müstəvidə böyük qələbələrə imza atdığı il kimi tarixə keçdi, 2024-cü ildə isə ölkəmiz yaşıl enerjiyə keçidin əsas təşviqatçısına və qlobal iqlim dəyişikliklərinə qarşı mübarizənin liderinə çevriləcək. Biz “Yaşıl dünya naminə Həmrəylik İli”ndə COP29 beynəlxalq konfransına ev sahibliyi edəcəyik. Bakı COP29-a ev sahibliyi etməklə bir həftə ərzində bütün dünyanın ekoloji paytaxtına, humanitar mərkəzinə çevriləcək. Bir sözlə, yeni ildə bizi böyük tarixi əhəmiyyətli hadisələr gözləyir. 2024-cü il də ən yeni tariximizin uğurlu səhifələrindən biri olacaq.
Aynur Həsənova,
YAP-ın gənc fəalı