Analitika

2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq

Bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilir. Dünyaya Günəş kimi doğan, tarixi Zəfəri ilə dünəninin, bu gününün və gələcəyinin təqdimatını edən Azərbaycanın hər günü üçün Ümummilli Lider Heydər Əliyevə borcluyuq. Dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Məhz buna görə böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Dahi şəxsiyyətin şah əsəri illər keçdikcə biri-birindən möhtəşəm uğurlarla zənginləşdi, tarixi Zəfərə imza atdı. Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı müraciətini Azərbaycanın döyünən ürəyi, mədəniyyət paytaxtımız Şuşadan etdi. İmzalanan hər bir sənədin, edilən müraciətin, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin məkanı hər zaman xüsusi önəm kəsb edir. Dövlət başçısı qeyd olunan müraciəti məhz Şuşadan etdi. Cənab İlham Əliyev Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı vaxtdan bugünədək Azərbaycanın keçdiyi yolun təqdimatını etdi. Dövlət başçısı “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik” fikirlərini qeyd edib.

“2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!” söylədi. Ölkə Prezidenti ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bir daha xalqa çatdırdı.

İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyində Şuşaya səfəri Onun əlamətdar günləri xalqla birgə keçirməsi ənənəsinin davamıdır: “Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq ölkə Prezidentinin bütün tarixi günlərdə, bayramlarda işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini, müraciətini məhz bu məkanlardan etməkdən qürur hissi keçirdiyini görürük.

“İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi” söyləməklə bu torpaqların tarixi sahibinin kim olduğunu və burada əbədi olacağımızı bəyan etdi. İki ildən artıqdır ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, Böyük Qayıdış proqramı uğurla icra edilir. Soydaşlarımızın bu torpaqlara qayıdışı mərhələ-mərhələ həyata keçirilir. 2023-cü il laçınlıların Laçına qayıdışı ilə tarixə yazılacaq. Dövlət başçısı İlham Əliyev müraciətində bu çağırışı da etdi: “Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur.”

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button