20 Yanvar qanlı faciəsindən artıq 34 il ötür
Azərbaycanın çoxəsrlik tarixində faciəli səhifələrimiz çoxdur. Amma elə faciələrimiz var ki, onlar həm də tariximizin qəhrəmanlıq və şərəf səhifəsi kimi xarakterizə edilir. 20 Yanvar qanlı faciəsindən artıq 34 il ötür. Həmin dəhşətli, insanlığa xas olmayan hadisələr sanki dünən baş vermişdir. O qanlı gecədə sinələrini düşmən gülləsinə sipər edən, ayaqdan- başa qədər ən müasir silah-sursatla təchiz olunmuş imperiya ordusunun qarşısına əliyalın çıxan mərd oğul və qızlarımız Bakının ən uca zirvəsində salınmış, bu gün hər bir kəsin ziyarətgahına çevrilmiş “Şəhidlər xiyabanı”ında uyuyurlar. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi 20 Yanvar faciəsinin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayət olduğunu təsdiqləyir.1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi. Həmin gecədə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çoxlu şəhid verdi. Lakin bu mübarizədə xalqımızın iradəsi sınmadı və milli ruhu sarsılmadı. Vətənin bir qarışını belə düşmənə qıymayan cəsarətli, qorxmaz, mərd övladlarımız misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi ən müasir silahlarla silahlanmış imperiya ordusuna qalib gəldi. Bu, 20 Yanvar faciəsini səciyyələndirən ən mühüm məqamlardan biridir. Vaxtilə Ulu öndər Heydər Əliyev bu barədə danışarkən demişdir: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. İnsanlığa xas olmayan bu faciəyə ilk siyasi-hüquqi qiymət də ulu öndər tərəfindən verildi. Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Xalqın təkidi ilə müstəqil Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra Heydər Əliyev təhlükələrdən qorxub çəkinmədi. Heydər Əliyevin yolunu, siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin daimiliyi, sarsılmazlığı təmin olundu, dünyaya Günəş kimi doğdu. Onun siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində isə tariximizin Zəfər səhifəsi yazıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müzəffər Ordumuzun yazdığı tarix sabah daha da inkişaf edəcək, çiçəklənəcək güclü Azərbaycan üçün möhkəm bünövrədir. Bu gün şəhidlərimizin ruhu şaddır. Müasir müstəqil, qalib Azərbaycanın üçrəngli bayrağı azad Qarabağda, Şərqi Zəngəzurda dalğalanır Bu gün Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmamasının təsdiqidir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı