Analitika

20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. 20 Yanvar faciəsi baş verdikdən sonra Ulu öndər Heydər Əliyev bu prosesi kəskin tənqid edərək rəsmi Moskvanı günahlandıraraq Siyasi Büro üzvlüyündən imtina etdi. Məhz hakimiyyət illərində 20 Yanvar hadisələrinə onun qətiyyətli və uzaq görən siyasəti nəticəsində hüquqi qiymət verilmişdir. 20 Yanvar hadisələri Azərbaycan siyasi tarixində azadlıq, istiqlaliyyət və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi həkk olundu. Bu qəhrəmanlıq səlnaməsi min illər boyunca xalqımızın and və iman yeri olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Maddi dəstəklə 11 yanaşı, mənəvi dəstəyin də əhəmiyyətini yüksək dəyərləndirən cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin Yasamal rayonundakı 20 Yanvar dairəsində “20 Yanvar şəhidlərinin əziz xatirəsinə – abidə-kompleksi” inşa edilmişdir. 2009-cu ilin oktyabrında tikintisinə başlanan abidə-kompleksin açılışı 2010-cu il Yanvarın 20-də olmuşdur. Abidə kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanmış insanların ad və soyadları, eləcə də ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur”- sözləri qızıl hərflərlə həkk olunub. Bundan başqa 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənmişdir.

Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button