Analitika

20 Yanvar faciəsinin 34-cü ildönümü

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda heç kəsin ağlına gəlməyən bir faciə törədildi. Bu faciənin təşkilatçısı o vaxt SSRİ adlanan bir imperiyanın rəhbəri Qorbaçov və onun ətrafındakılar, o cümlədən, Qobaçova arxalanan erməni diasporası idi. SSRİ-nin mövcudluğunda əsas rol-lardan biri olmuş, II Dünya müharibəsində qələbəni təmin etmiş Bakıya qoşun yeridildi, dinc əhali gülləbəran edildi. Bu faciə nəticəsində yüzlərlə adam qətlə yetirildi, yüzlərlə dinc sakin yaralandı, və itkin düşənlər də oldu. Xalqın qanına susamış cəlladlar yaralılara köməyə gələn tibb işçilərini, hətta az yaşlı uşaqları da qətlə yetirdilər. Azərbaycan xalqının inandığı, öz taleyini tapşırdığı sovet ordusu həmin gecə xalqımıza qənim kəsildi. Bakıda, Bakı-Quba, Bakı-Astara yolunda dinc insanlar qətlə yetirildi, dinc əhaliyə məxsus minik maşınları tırtılların altında qaldı və “sülhün müdafiəçisi” kimi qələmə verilən əsgərlər görünməmiş vəhşiliklər törətdilər.

Baş vermiş faciədən xəbər tutulmasın deyə yanvarın 19-da telestudiyada partlayış törədildi, Bakının xarici aləmlə əlaqəsinin kəsilməsi üçün bütün vasitələrdən istifadə olundu. Hadisələrin gedişi göstərdi ki, bu faciəyə çoxdan hazırlıq görülüb, silahlı müdaxilənin bütün detalları dəqiqliklə hesablanıb. Yanvarın 20-də səhər tezdən Bakıda fövqəladə vəziyyət elan edildi. Yalnız yanvarın 21-də baş vermiş faciə haqqında radio ilə məlumat verildi.

20 Yanvar faciəsinə ilk dəfə sərt qiymət verən o zaman Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev oldu. O, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək sərt bəyənatla çıxış etdi, baş vermiş faciənin bütün detalları haqqında ictimaiyyətə məlumat verdi və Qorbaçov komandasından bu hadisələrə siyasi qiymət verilməsini tələb etdi. Bakıda baş vermiş bu hadisədən dünya ictimaiyyəti yalnız Ümummilli liderin sərt reaksiyasından sonra xəbər tutdu.

Ulu Öndər Heydər Əliyev bəyan etdi ki, bu faciə öncədən diqqətlə hazırlanmışdır, Bakıya qəddarlığı ilə seçilən hərbi hissələr yeridilmişdir, bu zaman ağır texnikadan, müxtəlif çaplı silahlardan istifadə edilərək dinc əhali kütləvi şəkildə gülləbəran edilib və bu hadisəyə dünya ölkələri biganə qalmamalı, öz etiraz səslərini ucaltmalıdırlar. Lakin nə SSRİ hökuməti, nə də dünya ölkələri bu hadisəyə siyasi qiymət verdilər.

20 Yanvar faciəsininbütün dünyaya yayılması üçün Heydər Əliyev bütün vasitələrdən istifadə etmişdir. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Yanvar faciəsinə ilk siyasi qiymət verdi. 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bu Qərarın hazırlanması da bilavasitə Ulu Öndərin təşəbbüsü idi. Bu Qərarla həmin faciəli gündə törədilmiş cinayətlər haqqında əsl həqiqətlər üzə çıxdı. Ümummilli liderin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Ulu Öndər bütün fəaliyyəti dövründə, keçirdiyi beynəlxalq görüşlərdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə 20 Yanvar faciəsini, o dövrkü SSRİ rəhbərliyinin terrorçu siyasətini işıqlandırmışdır. Bu gün beynəlxalq səviyyədə 20 Yanvar faciəsinin xatırlanmasında Ulu Öndərin böyük xidmətləri danılmazdır. O, 20 Yanvar hadisələrini, bu zaman şəhid olmuş dinc sakinləri daim xatırlatmışdır və bildirmişdir ki, xalqımızın Qanlı yanvar adlandırdığı 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik və suverenlik üçün apardığı bübarizənin başlanğıcıdır. Bu gün 20 Yanvar faciəsinin anılması, şəhidlərimizin ziyarət olunması, bu hadisənin Azərbaycan tarixində qeyd edilməsi birbaşa H. Əliyevin siyasətinin nəticəsidir.

Bu gün dövlətimiz bu faciənin qeyd olunmasında da Ulu öndərin siyasətini davam etdirir. Hər il 20 Yanvar faciəsi Hüzn günü kimi qeyd edilir, bu hadisənin faciəvi nəticələri ilə bərabər xalqımızın tarixində xüsusi əhəmiyyət daşıyan bir hadisə olması qeyd edilir. Bu hadisədə şəhid olanların ailələrinə, yaralananlara dövlət qayğısı hadisənin bizim üçün böyük önəm daşıdığını bildirir.

İllər keçəcək, əsrlər bir-birini əvəz edəcək, lakin 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın yaddaşında qalacaq. 34 ildir 20 Yanvar şəhidlərinin məzarları bütün xalqımız tərəfindən ziyarət olunur. Bu şəhidlik zirvəsi oğullarımızı Qarabağ uğrunda mübarizəyə səsləmiş, onlara döyüş ruhu vermişdir. Hər dəfə Qarabağ şəhidlərini xatırlayanda, müstəqilliyimiz üçün şəhid olmuş bu qəhrəmanları da xatırlayacağıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qarşısında baş əyir və onların qanları ilə qazanılmış müstəqilliyimizi, ölkəmizin bütövlüyünü qaim göz bəbəyi kimi qoruyacağımıza and içirik!

Əliyev Akif,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button