20 Yanvar faciəsinin 33-cü il dönümü
Tarix boyu döyüş meydanına çevrilən bu məğrur xalqın taleyinə XX əsrin ən böyük faciələrindən birinə çevrilən “20 Yanvar 1990-cı il” tarixi qanlı hərflərlə yazıldı. Bölünməz vətənin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan xalq qarşıda böyük facilərə şahid oldu və bu faciəni öz qan yaddaşına yazdı. Şəhidlər ölməz, Vətən bölünməz laylası ilə böyüyən neçə-neçə körpə, yaşlı, cavan ağır şəkildə cəzalandırıldı. Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Azərbaycan tarixinə müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi həkk olunan 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Dinc, silahsız insanlara qarşı hər cür vəhşilikdən çəkinməyən sovet ordusunun amansızlığı və qəddarlığı Azərbaycan xalqının gözünü qorxuda bilmədi, onu öz amalından- müstəqillik şüarından döndərə bilmədi. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. Milli qürurunu, milli kimliyini qorumaq üçün yüzlərlə candan keçən xalqın tarixində şərəfli bir səhifədir. Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5. 637. 286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Rusiyanın müxtəlif əyalətlərindən Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə bu işdə marağı olan, hər cür amansızlığa hazır olan erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Bakını zəbt etməklə xalqın mübarizə əzmini qırmağa çalışan Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Nə vəcdlə olsa belə, mövcud olan rejimin dağılmasına yol verməmək Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etməyi əsas məqsəd kimi qarşıya qoyan bu vəhşi rejim Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdir. Planlaşdırılmış bu cinayət əməliyyatını həyata keçirmək üçün keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və başqa yüksək rütbəli hərbçilər Bakıya gəlmişdilər.
Xalqın belə ağır günündə özünü, ailəsini təhlükə qarşısına atan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insaların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir. Bu siyasət Ümummilli Liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı buna bariz nümunədir. Fərmana əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib (əvvəl 500 manat təşkil edirdi).
Üzərindən 33 il ötməsinə baxmayaraq hələ də ürəklər də sızıltı yaradan bu qanlı faciə xalqımızın qan yaddaşında daim yaşayacaq, gələcək nəslin sülh və əmin- amanlıqla yaşaması üçün daim Cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşəcək, hər cür siyasi terrora qarşı öz gücünü göstərəcəkdir.
Cəfərli Ayşən,
Xəzər rayonu, 323 N-li tam orta məktəbin müəllimi