Analitika

20 Yanvar Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur

20 Yanvar qanlı faciəsindən artıq 34 il ötür. Həmin dəhşətli, insanlığa xas olmayan hadisələr sanki dünən baş vermişdir. O qanlı gecədə sinələrini düşmən gülləsinə sipər edən, ayaqdan- başa qədər ən müasir silah-sursatla təchiz olunmuş imperiya ordusunun qarşısına əliyalın çıxan mərd oğul və qızlarımız Bakının ən uca zirvəsində salınmış, bu gün hər bir kəsin ziyarətgahına çevrilmiş “Şəhidlər xiyabanı”ında uyuyurlar. Qəhrəman oğul və qızlarımız Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, bugünümüz, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verənlərdir. Vaxtilə bu qanlı hadisələrə görə daha çox ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi kədərlənməklə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır. Bu gün hər bir vətəndaşımız Qalib Azərbaycanda yaşamasından qürur hissi keçirir. Bu qalibiyyətin əsasını da, şübhəsiz ki, qəhrəman 20 Yanvar şəhidləri qoydu.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çoxlu şəhid verdi. Lakin bu mübarizədə xalqımızın iradəsi sınmadı və milli ruhu sarsılmadı. Vətənin bir qarışını belə düşmənə qıymayan cəsarətli, qorxmaz, mərd övladlarımız misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi ən müasir silahlarla silahlanmış imperiya ordusuna qalib gəldi. Bu, 20 Yanvar faciəsini səciyyələndirən ən mühüm məqamlardan biridir. Vaxtilə Ulu öndər Heydər Əliyev bu barədə danışarkən demişdir: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Bu sovet imperiyası tərəfindən  əvvəlcədən  planlaşdırılmış hərbi cinayət idi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmağımıza görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Lakin bununla çirkin niyyətinə çata bilmədi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi

“1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan bir xalqın tarixində şərəfli səhifədir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmamasının təsdiqidir”

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button