20 yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdi
20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran, qəlblərində gəzdikləri doğma torpağın bütövlüyünü, toxunulmazlığını, azadlığını qorumaq hissidir. Sonrakı bütün tarix boyu 20 Yanvar şəhidləri yaddaşlarda qalacaq və əbədi yaşayacaqdır. 20 Yanvar faciəsi bizə müqəddəs bir and yeri bəxş etdi. Doğma Bakımız Dağüstü park kimi tanınan ünvanı möhtəşəm bir məzara çevrildi və ilk şəhidlərini qəbul edərək Şəhidlər xiyabanına döndü. Bu müqəddəs yer bugünkü azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verənlərin ziyarətgah yerinə çevrildi. Hər il 20 Yanvar faciəsinin tarixi ildönümündə Şəhidlər xiyabanı sanki gül yağışına qərq olur. Uşaqlardan böyüyədək bütün Azərbaycan xalqı həmin gün Şəhidlər xiyabanını cəmi müsəlmanların əbədi məbədgahına çevrilən Məkkə və Mədinə kimi ziyarət edir.
20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub.
Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. 20 Yanvar şəhidləri məhz Vətənini dərin məhəbbətlə sevən əsl vicdanlı insanlar idilər. Buna görə də öz canlarını Vətən, xalqımızın işıqlı gələcəyi uğrunda fəda etdilər. Bu mənada biz 20 Yanvarı həm də cəsurluq, igidlik, qəhrəmanlıq və milli birlik rəmzinə çevirməli, onu gələcək nəsillərə bu şəkildə təqdim etməyi özümüzə borc bilməliyik.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi