
Azərbaycan dövlətçiliyinin müasir tarixində 20 Sentyabr xüsusi yer tutur. Bu gün həm tarixi ədalətin bərpası, həm milli iradənin qələbəsi, həm də xalqımızın gələcəyə inamla baxmasının təntənəsidir. Uzun illər işğal altında qalan, xalqımızın nisgil və həsrətini simvolizə edən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri artıq azad Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi inkişaf yoluna qədəm qoyub.
2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağını ucalması xalqımızın yaddaşında əbədi qalacaq günlərdən biridir. O an təkcə bayrağın ucaldılması deyildi – bu, 30 ilə yaxın davam edən işğal dövrünün tam başa çatdığının, Azərbaycanın suverenliyinin hər qarış torpaqda təmin olunduğunun təsdiqi idi. Prezidentin əzəmətli çıxışı, xalqımıza verdiyi mesaj bir daha göstərdi ki, güclü dövlət və milli birliyimiz olduğu müddətdə heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Qələbənin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Bu, təkcə hərbi güc nümayişi deyil, həm də Qarabağın mərkəzində Azərbaycan əsgərinin, Azərbaycan dövlətinin əzəmətinin bütün dünyaya bəyanı idi. Xankəndidə addımlayan Azərbaycan əsgəri, səmalarda dalğalanan üçrəngli bayraq və milli ruhun coşqusu hər bir vətəndaşın qəlbində silinməz iz qoydu.
Qarabağın mədəni, sosial və elmi həyatında dönüş yaradan hadisələrdən biri də Qarabağ Universitetinin yaradılmasıdır. Bu universitet yalnız təhsil müəssisəsi deyil, həm də milli dirçəlişin, dövlət qayğısının və gələcək nəsillərə qoyulan möhkəm təməl daşının rəmzidir. Burada yetişən gənclər Qarabağın bərpasına, inkişafına, eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasına xidmət edəcəklər. Qarabağ Universiteti Azərbaycan gəncliyi üçün yeni üfüqlər açır, bölgəni intellektual mərkəzə çevirir.
Azad torpaqlarımızda həyatın bərpasının ən yaddaqalan nümunələrindən biri isə idman sahəsində yaşandı. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu Xankəndidə keçirdi. Bu, sadəcə futbol oyunu deyildi. Bu, Xankəndinin azərbaycanlı azarkeşlərin səsiylə coşması, “Qarabağ” adının doğma yurdunda səslənməsi, milli qürurun təntənəsi idi. Bu hadisə Qarabağda həyatın yenidən canlandığını, mədəniyyətin, idmanın və gündəlik həyatın artıq tamamilə Azərbaycan reallıqlarına qovuşduğunu göstərdi.
20 Sentyabr yalnız işğaldan azad olunmuş dörd şəhərimizin qeyd günü deyil, həm də milli iradəmizin təntənəsi, dövlətimizin gücünün göstəricisidir. Bu gün hər bir azərbaycanlıya bir həqiqəti xatırladır: xalqın birliyi və dövlətin qətiyyəti ilə bütün hədəflərə çatmaq mümkündür. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün bərpa və quruculuq mərhələsindədir. İnfrastruktur layihələri, mədəniyyət ocaqları, sosial proqramlar və yeni iş yerləri bu şəhərlərin dirçəlişinə xidmət edir.
Azərbaycan xalqı artıq Qarabağa qürurla, başıuca qayıdır. Torpaqlarımızda həyat yenidən çiçəklənir, kəndlər və şəhərlər bərpa olunur. Bu günlər gələcək nəsillərə bir vəsiyyət, tarixi miras kimi qalacaq: Qarabağ əbədi Azərbaycanındır!
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü xalqımızın yaddaşında dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri kimi qalacaq. Bu günün qeyd olunması yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə inamın möhkəmlənməsidir. Qarabağ torpaqlarında ucalan üçrəngli bayraq hər bir azərbaycanlı üçün qürur mənbəyidir və bundan sonra da sonsuza qədər dalğalanacaq.
İslam Bafadarov
Yeni Azərbaycan Partiyasının məsləhətçisi