
Uzun illər işğal altında olan, 2020-ci ildə işğaldan azad olunan Ağdamda böyük bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyevin Ağdama səfərləri Qarabağın bərpa və yenidənqurma mərhələsində xüsusi əhəmiyyətə malik hadisələr kimi tarixə düşür. İşğaldan azad edilmiş Ağdam şəhəri və rayonunun kəndləri sürətlə dirçəlir, müasir infrastruktur qurulur, yaşayış məhəllələri inşa edilir, tarixi irs bərpa olunur və regionun iqtisadi potensialı yenidən canlandırılır. Müzəffər Ali Baş Komandanın mütəmadi səfərləri həm görülən işlərə yüksək dövlət nəzarətinin təmin olunmasına, həm də yeni layihələrin təməlini qoymaqla Ağdamın inkişaf konsepsiyasının real addımlarla irəlilədilməsinə xidmət edir.
2023-cü ilin oktyabrın 15-də Prezident İlham Əliyevin Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanışlığı bölgədə nəqliyyat-kommunikasiya infrastrukturunun bərpasının prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirdi. Uzun illər dağıntılar içində qalmış bu ərazilərə qaytarılan həyat, ilk növbədə, müasir yollarla, kommunikasiya şəbəkələri ilə mümkündür. Ağdam-Füzuli magistralı strateji əhəmiyyət daşıyan layihələrdən biridir və hər iki şəhərin bərpa prosesinə mühüm töhfə verir.
2023-cü il dekabrın 24-də Prezident İlham Əliyevin Ağdama səfəri daha genişmiqyaslı layihələrin təqdimatı və açılışları ilə yadda qaldı. Bu səfər işğaldan azad edilmiş ərazilərin hərtərəfli bərpa konsepsiyasının ardıcıl şəkildə həyata keçirildiyini təsdiqlədi. Prezident “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak etdi. Bu mühüm enerji infrastrukturu Ağdam şəhərinin, ətraf kəndlərin və gələcək sənaye zonalarının dayanıqlı enerji təminatını təmin edir və regionun sürətli inkişafı üçün bazis rolunu oynayır. Eyni gün Ağdam şəhərində beşinci və dördüncü yaşayış komplekslərinin təməli qoyuldu. Bu komplekslər müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə planlaşdırılır və Qarabağa Böyük Qayıdış proqramı çərçivəsində Ağdamın yeni simasının formalaşdırılmasında xüsusi rol oynayır. Yaşayış məhəllələrinin bərabər şəkildə salınması Ağdamın gələcəkdə sıx məskunlaşmış, müasir standartlara cavab verən şəhərə çevrilməsinə xidmət edir.
Prezidentin Ağdamın simvolik məkanlarından biri olan “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanışlığı şəhərin tarixi irsinin qorunmasının prioritet olduğunu göstərdi. “İmarət” Ağdamın mifologiyası, yaddaşı və memarlıq tarixinin ayrılmaz hissəsidir və burada aparılan bərpa işləri mədəni irsin canlandırılmasına yönəlib. Həmin gün Ağdam şəhər Mərkəzi parkının təməli də qoyuldu. Bu park şəhərin yeni urbanistikasının mühüm elementlərindən biridir və sakinlər üçün sağlam mühitin yaradılmasına xidmət edir.
Prezident İlham Əliyev Ağdam şəhərinin daxili yol infrastrukturunda görülən işlərlə də yaxından tanış oldu. Bu, şəhər daxilində nəqliyyatın rahat və planlı şəkildə təşkil edilməsini, eləcə də gələcək yaşayış məhəllələrinin, ictimai obyektlərin və sənaye zonalarının bir-biri ilə əlaqələndirilməsini təmin edir.
Ağdam rayonunun kəndlərinin bərpası istiqamətində də geniş addımlar atıldı. Qiyaslı kəndinin, Salahlı Kəngərli kəndinin və Baş Qərvənd kəndinin təməlqoyma mərasimləri bölgənin kənd təsərrüfatı potensialının bərpasına, kənd infrastrukturunun yenidən qurulmasına və əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışına yönəlib. Eyni zamanda, Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi ərzaq təhlükəsizliyi və su təminatı baxımından olduqca strateji hadisə idi. Su anbarının istismara verilməsi əkin sahələrinin suvarma imkanlarını genişləndirir və regionun kənd təsərrüfatının inkişafına yeni dinamika gətirir. Bu səfərin əlamətdar hadisələrindən biri də Bərdə-Ağdam avtomobil yolunun açılışı oldu. Magistral yol Qarabağın əsas nəqliyyat arteriyalarından biri kimi bölgənin logistika imkanlarını artırır.
2024-cü ilin 25 aprel tarixində Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti ilə birlikdə Ağdama səfəri şəhərin beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini göstərdi. Bu səfər həm də Ağdamın xarici qonaqlara real bərpa nümunəsi kimi təqdim edilməsi baxımından əhəmiyyətli idi. Səfər zamanı dövlət başçıları Pənahəli xanın sarayı və “İmarət” Kompleksində aparılan bərpa işləri ilə tanış oldular. Bu tarixi məkanların bərpası Azərbaycanın mədəni irsə qayğısının nümunəsidir və Qarabağın tarixi yaddaşının bərpasında mühüm addımdır.
Həmin gün Ağdam Cümə məscidinin bərpadan sonra açılışı baş tutdu. İşğal dövründə dağıdılmış, təhqir edilmiş bu dini abidənin əvvəlki görkəminə qaytarılması Azərbaycanın tolerantlıq ənənələrinin bərpasını, milli-mənəvi dəyərlərin ucaldılmasını göstərir. Ardınca Ağdam Konfrans Mərkəzi ilə tanışlıq, Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi və Şahbulaq qalasına baxış Prezident İlham Əliyevin diqqətinin həm sosial infrastruktur, həm də tarixi irsin qorunması və təbliğinə yönəldiyini göstərdi. Günün sonunda Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdamda birgə naharı Qarabağın yeni dövrünün, sülh və inkişaf mühitinin rəmzi kimi qiymətləndirilə bilər.
2024-cü ilin 28 may tarixində Prezident İlham Əliyevin Ağdama növbəti səfəri rayonun kəndlərinin bərpasına həsr olunmuş mühüm mərasimlərlə yadda qaldı. Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməlqoyma mərasimləri Ağdam rayonunun genişmiqyaslı kəndsalma proqramının davamı kimi həyata keçirilir. Bu kəndlərin hər biri müasir planlaşdırma ilə, sosial infrastruktur obyektləri, məktəb, tibb məntəqələri, su və elektrik xətləri ilə təchiz ediləcək. Yeni kəndlərin salınması Ağdam rayonunun tam bərpası prosesində vacib rol oynayır və əhalinin qayıdışını sürətləndirməyə xidmət edir.
Prezident İlham Əliyevin Ağdama səfərləri və reallaşdırılan layihələr ümumilikdə Qarabağda irimiqyaslı dövlət siyasətinin — yenidənqurma, müasir infrastrukturun qurulması, tarixi irsin bərpası, iqtisadi potensialın gücləndirilməsi və Böyük Qayıdış proqramının praktiki tətbiqi — bariz nümunəsidir. Ağdam bu gün müasir şəhər kimi yenidən qurulur, kəndlər bərpa olunur, yollar, enerji, su və sosial infrastruktur vahid konsepsiya əsasında inşa edilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən bu işlər Qarabağın dirçəlişini, Azərbaycanın gücünü və gələcəyə inamını əks etdirir.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



