Analitika

“20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi”

1993-cü ildə Azərbaycan xalqı böyük sevgi və ümidlə Ulu Öndərimiz Heydər Əliyevi hakimiyyətə gətirməklə ölkəmizdə artıq başlanmaqda olan vətəndaş müharibəsindən, suverenliyimizin itirilməsindən, dövlətçiliyimizin məhv olmasından qurtardı və 1993-cü il iyunun 15-i tariximizə Qurtuluş Günü, Heydər Əliyevin adı isə xalqın xilaskarı kimi tariximizə qızıl hərflərlə həkk olundu.

2003-cü il oktyabrın 15-də müdrik qərarı ilə İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq. Xankəndidə əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir xalq olduğuna şahidlik etdik. Prezident İlham Əliyev Ümumilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyində, özünün hakimiyyətə gəlməsinin isə 20-ci ildönəmində Azərbaycanın zəbt olunmuş torpaqlarını özünə qaytaran ölkə başçısı və Ali Baş Komandan kimi böyük düşmən ölkələrin və qüvvələrin caynaqları ilə ermənilərə pərçimlənmiş doğma Qarabağımızı qaytarıb vətən torpaqlarımıza qatmış Qarabağ fatehi kimi şanlı tariximizdə öz şərəfli adını yazdı.

Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Dövlətimizin başçısı qəsəbənin ərazisinə baxış keçirib. Qəsəbə 1991-ci il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsini separatçılardan azad edib.

“Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır” deyə cənab prezident çıxışında bildirdi.

-“Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələ­bəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı-canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayaca­ğıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldarkən etdiyi çıxışında səsləndirib.

Bəli, Prezident İlham Əliyevin iyirmi illik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bər­pa olunub. Əlbəttə, buna əminlik və inam hissi heç də elə-belədən yaranmadı. Ölkəmiz ötən iyirmi ildə görünməmiş iq­tisadi nailiyyətlərə imza atdı. Dövlətimizin başçısının həyata keçirdiyi bütün tədbir­lərin bir hədəfi var idi-Qarabağ. Nəticə etibarilə Prezident İlham Əliyevin təbirin­cə desək, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır”.

Prezident İlham Əliyevin Xankəndi şəhərindəki tarixi çıxışı əsl qürur və fəxarət manifesti idi.

Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 №li tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button