Analitika

2 Fevral – Azərbaycan Gəncləri Günüdür

2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Azərbaycanın gənclər siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 45-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gördüyü işlər də diqqəti xüsusilə cəlb edir.  Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir.  Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilirlər. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Bu gün 2 Fevral Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin tarixi ədaləti bərpa etməkdə rolu əvəzsizdir və danılmazıdır.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button