
Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulması, prioritet istiqamətə çevrilməsi və bu sahədə konseptual fəaliyyətin əsaslarının yaradılmasının müəllifi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Bu baxımdan Ulu Öndərin Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılmasındakı rolu sadəcə bir idarəçilik addımı deyil, ölkənin gələcək onilliklərini sığortalayan strateji bir baxışın təməlidir. O, gəncliyin sadəcə bioloji yaş deyil, həm də cəmiyyətin yenilənmə mexanizmi olduğunu hamıdan yaxşı başa düşərək, gənclərimizi “Azərbaycanın gələcəyi” adlandıramaqla, bu sahəni dövlət siyasətinin prioritetinə çevirdi.
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda ölkədə hakimiyyətə qayıtdıqdan dərhal sonra onun cəmiyyətdə vəziyyətin sabitləşdirilməsi və gənclərin qüvvəsinin dövlətçilik naminə səfərbər edilməsi yolunda atdığı ilk addımlardan biri həmin ilin sentyabrında ölkə gəncliyinin fəal nümayəndələri ilə keçirdiyi görüş olmuşdu. Məhz həmin görüşdən sonra Heydər Əliyev gənclərlə işin sistemli şəkildə aparılması üçün dövlət strukturunu yaratdı: 1994-cü il iyulun 26-da imzalanan Prezident Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması gənclər siyasətinin vahid mərkəzdən idarə olunmasına imkan verdi. Məhz bundan sonra müharibə və keçid dövrünün çətinliklərini yaşayan gəncləri bir ideologiya ətrafında toplamaq və onların potensialını dövlət quruculuğuna yönəltmək mümkün oldu.
Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin ən uzaqgörən tərəfi təhsillə bağlı idi. Hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə minlərlə azərbaycanlı gənci ali təhsil almaq üçün sovet dövlətinin ən nüfuzlu universitetlərinə göndərən Heydər Əliyev müstəqillik illərində bu ənənəni qlobal miqyasda davam etdirdi. Bu strateji hədəfin əsas məqsədi müasir texnologiyalara və idarəetmə üsullarına bələd olan yeni intellektual elita formalaşdırmaq idi və gözlənilən nəticə əldə edildi: hazırda həmin kadrlar dövlət idarəçiliyinin müxtəlif sahələrində rəhbər vəzifələrdə ölkəmizin inkişafı üçün xidmət göstərirlər.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf etdirilir. Ölkə əhalisinin 22,5 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. 2005, 2011 və 2017-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları, 2015-ci ildə isə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilməsi bunun ən aydın təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət gənclər siyasətinin ən mühüm nəticələrindən biri, bəlkə də ən birincisi isə, müasir Azərbaycan gəncliyinin ən bariz xüsusiyyətinə çevrilən onun milli mənafelər ətrafında sıx birləşməsidir. 2020-ci ildə tariximizə qızılı hərflərlə yazılan 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabr ayındakı lokal antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, Azərbaycan gənci üçün dövlətçilik və ərazi bütövlüyü ən ali dəyərdir. Dövlət başçımız “Zəfər nəsli”nə öz münasibətini aşağıdakı sözlərlə ifadə etmişdir: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə olunmuş gənc nəsil yetişib”.
2 Fevral – Azərbaycan Gəncləri Günü bir daha göstərir ki, güclü dövlət güclü gəncliklə mümkündür. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti Azərbaycan gəncliyinin parlaq gələcəyinə möhkəm zəmin yaradır. Bu əlamətdar gün münasibətilə bütün gənclərimizi təbrik edir, onlara sağlamlıq, bilik, əxlaq və vətənpərvərlik yolunda uğurlar arzulayırıq.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



