Analitika

2 Fevral Azərbaycan Gəncləri Günü gənclər tərəfindən böyük təntənə ilə qeyd edilir

Azərbaycan Respublikası müstəqil bir dövlət kimi formalaşdığı ilk gündən bu günə qədər ən çox diqqət ayırdığı sahələrdən biri gənclər və gənclərin inkişafı sahəsidir. Ümumilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandırmış və bununla bağlı bir çox layihə və proqramlar həyata keçirmişdir.  Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bunlardan biri də gənclərin təhsil məqsədilə xaricə göndərilməsidir. Belə ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahə daha da inkişaf etmişdir. O, gəncləri öz ölkəsini beynəlxalq arenada layiqli şəkildə təmsil etməyə, ölkənin inkişafı üçün mühüm əhəmiyyət daşımağa, müstəqil Azərbaycanı düşünməyə, onun gələcəyi üçün əlindən gələni etməyə çağırmışdır. Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.  MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü böyük çoşqu və təntənə ilə qeyd edilir. Bundan sonra imzalanmış bir çox fərman və sərəncamlarla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir.

Ulu öndərdən sonra dövlət siyasətini layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev də gənclərin təhsil və inkişafı sahəsində mühüm addımlar atmışdır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycanda gənclər dövlətin aparıcı qüvvələrindən  birinə çevrilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun əsas məqsədlərindən biri gənclərin təhsil, elm, mədəniyyət, səhiyyə və digər sahələrdə inkişafını təmin etməkdir. Dövlət başçısının diqqət yetirdiyi mövzulardan biri də gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, xalqa, vətənə, millətə xeyirli bir nümayəndə olmasıdır. Bu gün ölkəmizin inkişafında gənclərin mühüm rolu var və 2 Fevral Gənclər günü təntənəli şəkildə bütün gənclər tərəfindən qeyd edilir.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button