MaraqlıAnalitikaSosial

2 Fevral – Azərbaycan Gəncləri Günü: Dövlətçilik və Gənclik Birliyi

Fevralın 2-si Azərbaycanda gənclərin cəmiyyət həyatındakı rolunun, potensialının və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğının təntənəli ifadəsi olan Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə təsis edilmiş və həmin tarixdən etibarən ölkəmizdə gənclər siyasətinin inkişafında mühüm mərhələ olmuşdur. Gənclər Gününün təsis edilməsi, əslində, 1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin Birinci Forumunun məntiqi davamı idi. Həmin forumda Ulu Öndər gənclərlə birbaşa dialoq quraraq onların qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirmiş, gələcək inkişaf strategiyasının əsaslarını formalaşdırmışdır.

Müstəqilliyimizin ilk illərində ölkənin üzləşdiyi sosial-iqtisadi çətinliklər, müharibə şəraiti və ideoloji təzyiqlər fonunda gənclərlə bağlı düşünülmüş və uzaqgörən siyasətin həyata keçirilməsi strateji əhəmiyyət daşıyırdı. Heydər Əliyev məhz bu mürəkkəb dövrdə gənclərə arxalanaraq onların enerjisini milli maraqların müdafiəsinə yönəltdi, gənclərin vətənpərvər ruhda yetişməsi üçün möhkəm zəmin yaratdı. Bu siyasətin nəticəsində Azərbaycanda milli-mənəvi dəyərlərə sadiq, müasir dünyaya açıq və intellektual potensiala malik gənc nəsil formalaşmağa başladı.

2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən gənclər siyasəti yeni mərhələyə qədəm qoydu. Mövcud ənənələr əsasında bu sahə daha da təkmilləşdirildi, gənclərin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramlarının qəbul edilməsi, 2007-ci ilin “Gənclər ili” elan olunması, 2011-ci ildə Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, eləcə də Azərbaycan gənclərinin İnkişaf Strategiyasının qəbul edilməsi bu sahədə atılmış ardıcıl və məqsədyönlü addımların bariz nümunəsidir.

Dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, iqtisadi, elmi, mədəni və idman həyatında fəal iştirak edir. Gənclərimiz dövlətçilik maraqlarına sadiqlik nümayiş etdirir, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində mühüm təşəbbüslərlə çıxış edirlər. Onlar eyni zamanda, beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil edir, Azərbaycanın nüfuzunun daha da artmasına töhfə verirlər.

Azərbaycan gəncliyinin formalaşmasında vətənpərvərlik ruhunun xüsusi yeri vardır. Bu ruhun ən parlaq təzahürü 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı özünü göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan bu müharibədə əsas döyüş yükünü məhz müstəqillik dövründə yetişmiş Azərbaycan gəncləri öz üzərinə götürdü. Onların qəhrəmanlığı, fədakarlığı və Vətənə olan sonsuz sevgisi nəticəsində tarixi Zəfər qazanıldı və Azərbaycan xalqının qələbə əzmi bütün dünyaya nümayiş etdirildi.

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunun keçirilməsi də gənclərə verilən yüksək dəyərin göstəricisi oldu. Forumda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial sahədə fərqlənən gənclər iştirak etdilər. Prezident İlham Əliyev Forumda çıxış edərək gəncləri təbrik etdi, ölkənin keçdiyi inkişaf yolunu xatırlatdı və gənclərin üzərinə düşən məsuliyyəti bir daha vurğuladı.

Əminliklə demək olar ki, Azərbaycan gəncliyi tariximizin bu yeni mərhələsində də ölkəmizin davamlı inkişafı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması naminə öz töhfələrini verəcəkdir. 2 Fevral – Azərbaycan Gəncləri Günü isə bu böyük gücün və potensialın rəmzi olaraq daim qürurla qeyd ediləcəkdir.

Elman Məmmədov,
Ərazi Partiya təşkilatıının sədr müavini, RTTTYM PHŞ-da Texniki Dəstək bölmə müdiri

Oxşar Xəbərlər

Back to top button