AnalitikaGündəmSiyasət

1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi

Azərbaycan və Ermənistan arasında baş vermiş Qarabağ münaqişəsi postsovet məkanında ən uzun sürən və ən faciəli münaqişələrdən biri kimi tarixə düşmüşdür. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, on minlərlə dinc insan həlak oldu, şəhər və kəndlər yerlə-yeksan edildi. Münaqişənin beynəlxalq hüquqa uyğun və ədalətli həlli üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldı. Qrupun əsas məqsədi danışıqlar vasitəsilə sülhə nail olmaq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həllini təmin etmək idi. Qrupun həmsədrləri – Rusiya, ABŞ və Fransa – vasitəçilik missiyasını öz üzərinə götürdülər. Formal olaraq məqsəd aydın idi: Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması, Azərbaycan torpaqlarının azad edilməsi, məcburi köçkünlərin geri qayıtması və regionda davamlı sülhün təmin edilməsi. Lakin sonrakı onilliklər ərzində qrup faktiki olaraq heç bir real nəticə əldə etmədi.

Bunun əsas səbəblərindən biri həmsədrlərin məsələyə ikili standartlar prizmasından yanaşması və həmsədrlərin beynəlxalq hüququ deyil, öz geosiyasi maraqlarını üstün tutmaları, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasına nail olmaq əvəzinə, tərəfləri bərabərləşdirən mövqe nümayiş etdirmələri idi. Eyni zamanda Ermənistanın işğalçı siyasəti açıq-aydın ortada olsa da, Minsk qrupu işğalçını təzyiq altında saxlamaqdan çəkinir, danışıqlar prosesi formal xarakter daşıyır, əslində isə status-kvonun dəyişməməsinə xidmət edir, bu da illər keçdikcə işğalın möhkəmlənməsinə və işğalın uzanmasına şərait yaratdı. Sözsüz ki, Minsk qrupu həmsədrlərinin maraq toqquşması – ABŞ, Rusiya və Fransa arasında qlobal səviyyədə ciddi rəqabət və qarşıdurmalar mövcudluğu da bu məsələdə onların birgə və səmərəli fəaliyyətinə mane olurdu. Prezident İlham Əliyev hər zaman çıxışlarında Minsk qrupunun fəaliyyətsizliyini açıq şəkildə tənqid etmiş və bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz.

27 sentyabr 2020-ci ildə Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. 44 gün ərzində Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdi. Bu, həm də Minsk qrupunun tam iflası demək idi. Çünki 28 il ərzində problemi həll edə bilməyən vasitəçilərin bacarmadığı işi Azərbaycan Ordusu 44 günə həyata keçirdi. Müharibədən sonra faktiki olaraq Minsk qrupunun fəaliyyəti dayanmış, onun siyasi çəkisi sıfıra enmişdir.

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etmişdir. Cənab Prezident çıxışı zamanı uzun illər ərzində həmin kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışdığını, indi isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağını bildirmiş, Azərbaycanda keçirilən mühüm tədbirlər və onların nəticələri, Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələr və qarşıda duran məsələlər barədə danışmışdır.

Prezident İlham Əliyev çıxışı zamanı ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi barədə danışaraq demişdir: “1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.

Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.”
Beynəlxalq hüququn və ədalətin təmin edilməsində ən böyük zəmanət dövlətin öz gücünə arxalanmasıdır. Azərbaycanın qələbəsi göstərdi ki, fəaliyyətsiz beynəlxalq qurumların əvəzinə milli birlik, güclü ordu və siyasi iradə münaqişələrin ədalətli həllinə yol açır.

Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button