1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir
Soyqırım nədir? Bu sualın cavabını dünyada ən yaxşı bilən xalqlardan biri bəlkə də birincisi Azərbaycan xalqıdır. Tarix boyu xalqımızın başına bir çox faciələr gəlmişdir: Mart soyqırımı, Xocalı faciəsi, Ağdaban faciəsi, 1905-1907-ci illər hadisələri və s.
Yuxarıda qeyd edilən soyqırımların hər birində ermənilərin vəhşiliyi, qəddarlığı, vandallığı özünü maksimum səviyyədə göstərmişdir və onların xalqımıza qarşı törətdiyi bu cinayətlərin bir məqsədi olub: işğal olunmuş türk torpaqları hesabına “Böyük Ermənistan” dövləti yaratmaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir.
Xalqımızın başına gəlmiş ən ağır faciələrdən biri 1918-1920-ci illərdə baş vermişdir. Bu illər ərzində İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və s. tarixi torpaqlarımızda dinc əhalimiz soyqırıma məruz qalmış, yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, amansız işgəncələr görmüş, erməni terrorundan öz payını almışdır.
Ermənilərin belə qəddar əməllərinə ilk dəfə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərimiz Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. İlk dəfə olaraq 1998-ci ildə dahi rəhbərin imzaladığı fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Elə həmin vaxtdan da bu gün dövlət səviyyəsində qeyd olunur, bütün kollektivlərdə, idarə və təşkilatlarda, təhsil müəssisələrində, həmçinin ölkəmizin xarici dövlətlərdə akkreditə olunmuş səfirliklərində və diaspor qurumlarında anım mərasimləri keçirilir. Heydər Əliyev daim bildirirdi ki, bu cinayətlərin unudulmaması, cəmiyyətdə təbliğ edilməsi, kütləvi nəşrlərdə və informasiya vasitələrində bu hadisələr barədə məlumat verilməsi gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində özünəməxsus rol oynayır. Məhz bu kurs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Həmin uğurlu varisliyin nəticəsidir ki, müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 44 Günlük Vətən Müharibəsində ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızı azad etdi, illər boyu xalqımızın başına gətirilmiş faciələrin qisasını aldı. Bu qələbə göstərdi ki, Azərbaycan güclü iqtisadi-hərbi potensiala, yüksək psixoloji duruma və döyüş hazırlığına malikdir. Xalqımız tam əmindir ki, Azərbaycan Ordusu qətiyyətli siyasi liderimiz və Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə istənilən vəzifəni inamla yerinə yetirə bilər.
Azərbaycan xalqı müzəffər xalqdır, Azərbayxan xalqı tarixin çətin sınaqlarından başıdik çıxmış xalqdır, Azərbaycan xalqı başına gətirilmiş faciələrin qisasını almış xalqdır! Şəhidlərimizin, illər boyu xalqımızın başına gətirilmiş müxtəlif faciələrdə həyatını itirmiş soydaşlarımızın ruhları qarşısında baş əyir, dərin hörmətlə anırıq!
Kərimov Qara,
YAP-ın fəalı