1918-ci ilin 31 mart tarixi erməni qəddarlığının daha bir bariz nümunəsidir
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni vandalları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar, memarlıq incisi sayılan binaları yerlə-yeksan etmişlər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən fotonşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.
1918-ci ilin mart soyqırımı zamanı Bakı ilə yanaşı, Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Həmin günlərdə Şamaxı qəzasının 53 kəndində ermənilər 8 mindən çox azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 2560 nəfəri qadın və 1277-si uşaqlar olmuşdur. Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında da üç dəfə qırğın törətmişlər. Onların vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində burada 16 mindən çox insan qətlə yetirilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdür. Qeyd olunan hadisələr zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışlar və bunlardan 35-i hazırda mövcud deyildir.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan onilliklər ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün faciələrə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli fərmanı ilə respublikamızda 31 Mart – Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı