Analitika

1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb

Dünya təcrübəsindən məlumdur ki, özünü millət kimi təsdiqləmək əzmində olan ayrı-ayrı etnoslar müstəqil dövlət quraraq mövcudluğunu qoruyub saxlamış, beləliklə də tarix səhnəsində duruş gətirə bilmişlər. Hər bir xalqın milli özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasının gerçək həyata vəsiqə alması isə əsrlərlə davam edən tarixi mücadilənin nəticəsi olmuşdur. Dünyanın ən qədim etnoslarından biri olmaqla, bəşər sivilizasiyasına sanballı töhfələr vermiş azərbaycanlılar da taleyin qismətindən neçə əsrlərlə milli özünəməxsusluqlarını şərtləndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün çox çətin sınaqlardan, mürəkkəb yollardan keçməli olmuşlar.

Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur: Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur.

XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində birləşdirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana öz istiqlaliyyətini elan etmək şansı yaratmışdır. Tarixi faktlar göstərir ki, 1918-ci il mayın 27-də müsəlman fraksiyası Tiflisdə ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlmişdir. Eyni zamanda müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası adlandırmış, beləliklə, Azərbaycanın ilk parlamenti təsis edilmiş, Rəyasət Heyəti və sədri seçilmişdir. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şuranın 26 üzvünün iştirakı ilə keçirilən iclasda isə Azərbaycanın dövlət müstəqilliyinə dair tarixi sənəd – İstiqlal Bəyannaməsi qəbul olunmuşdur.

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın Dövlət Müstəqilliyi Günü elan etmişik və bu, bizim milli bayramımızdır.Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.

Ötən əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, “1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir, xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır”.

Azərbaycan Xalq Cümhuriyyəti müəyyən obyektiv və subyektiv səbəblər üzündən süquta uğrasa da, xalqımız milli özünüdərk və özünəməxsusluq duyğularını, milli “mən”ini sovet imperiyası dövründə də yaşada bildi. Zəngin mədəniyyətə malik mükəmməl etnos kimi dünya tərəfindən etiraf olunan azərbaycanlıların genetik birliyi, eyni etnomədəni sistemə mənsubluğu, həmçinin milli dövlətçilik təfəkkürü bu kimi amillərə qarşı kəskin qadağalar müəyyənləşdirmiş sovetlər birliyi dövründə də məhdudlaşdırıla bilmədi. Ulu öndər Heydər Əliyevin ötən əsrin ortalarında Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi isə respublikamızı həqiqi müstəqilliyə aparan nurlu yolun başlanğıcı kimi xatırlanır. Tarixin kamil şəxsiyyət, ümummilli lider kimi Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi, gələcəkdə müstəqil dövlət üçün hərtərəfli zəmin yaradılması imkanları genişləndi. Əsrlər boyu əxz etdiyi dövlətçilik təfəkkürünü, özünəməxsus milli-mənəvi dəyərləri, adət-ənənələri, mental xüsusiyyətləri müdrik rəhbərin sarsılmaz iradəsi, qətiyyəti sayəsində vahid sistem halına gətirərək özünütəsdiq imkanı qazanmış xalqımız hələ keçmiş İttifaq dövründə gələcək müstəqilliyinə etibarlı təməl formalaşdıra bildi.

Azərbaycan Xalq Cümhuriyyətinin taleyi bir daha sübut etdi ki, müstəqilliyi əldə etməklə onu qoruyub saxlamaq eyni dərəcədə vacib məsələdir. Bu mənada qeyd etmək lazımdır ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli liderimiz Heydər Əliyev həm də xalqımızın milli müstəqilliyinin xilaskarıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixi bir daha onu göstərir ki, hər hansı bir qələbəni, nailiyyəti əldə etməkdən daha çətin, daha məsuliyyətli vəzifə onu qoruyub saxlamaqdır. Nəticə etibarilə, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixindəki əvəzolunmaz xidmətləri danılmazdır. İllər ötsə, nəsillər dəyişsə də, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yüksək yeri və onun qurucularının əvəzsiz xidmətləri hər bir azərbaycanlının qəlbində yaşayacaqdır.

Xancanova Hüsniyyə,
Xəzər rayonu, 92 N-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button