AnalitikaGündəmSiyasətSosial

17 oktyabr – Füzuli Şəhəri Günü kimi əlamətdardır

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən, İkinci Qarabağ savaşından sonra bütün dünya qalib Azərbaycanı tanıdı. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına əlamətdar hadisələrlə yazılır. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. 17 oktyabr – Füzuli Şəhəri Günü kimi əlamətdardır. Qürurverici olan odur ki, artıq xalqımız ölkə başçısının 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Füzulinin coğrafiyasına nəzər yetirsək görərik ki, Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1386 kv.km-dir.

Tarixi faktlar onu sübut edir ki, Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.Acı tarix isə bu gün də unudulmur. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

22 yaşayış məntəqəsinin işğaldan azad olunması əlamətdar hadisə idi. Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə baş tutmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Rayonun işğaldan azad olunmasına gəlincə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Mühüm əhəmiyyət kəsb edən döyüşlərə nəzər yetirsək görərik ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.

Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button