Analitika

15 oktyabr 2023-cü il tarixi xalqımız üçün əlamətdar günlərdən biri kimi yenidən tarix səhifəsinə qızıl hərflərlə yazıldı

Vətən müharibəsindəki qələbə ilə torpaqlarımızda dalğalanan üçrəngli bayraq qələbəmizin, xalqımızın iradəsinin, prezidentimizin uzunmüddətli fəaliyyətinin uğurlu nəticəsidir. Torpaqlarımız işğaldan azad edildikdən sonra qarşıda iki əsas məqsəd dayanırdı. Vətən torpağında həyatın, yaşamın, mədəniyyətin yenidən canlandırılması və torpaqlarımızda qalan seperatçı,terrorçu ermənilərə qarşı mübarizənin aparılması idi. İlk  məqsəd ali baş komandan İlham Əliyev siyasətinin davamı olaraq uğurla davam etməkdədir. Sentyabr 19-da həyata keçirilən anti-terror əməliyyatı nəticəsində erməni hərbi birləşmələri ilə razılığa əsasən, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməli idi.

15 oktyabr 2023-cü il tarixi xalqımız üçün əlamətdar günlərdən biri kimi yenidən tarix səhifəsinə yazıldı. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. İlham Əliyev bu münasibətlə Azərbaycan xalqına müraciət etmiş, çıxışında tarixi qələbəmizin sevincini bizimlə bölüşmüşdür. İlham Əliyev prezidentlik dövrünə başladıqda əsas və ali məqsədimizin torpaqlarımızın işğaldan azad edilməsi üçün çalışmaq olduğunu bildirmişdi. 20 illik fəaliyyəti dönəmində bu hədəfə addım-addım irəlilədik. 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Atılmış doğru siyasi addımlar nəticəsində artıq Azərbaycanla dünyada hesablaşırlar. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi. Dövlətimiz dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Güclü iqtisadiyyat yarandı. Son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır.

Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik. Həmçinin  üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü bir daha göstərdi. Bir daha düşmən ağ bayraq qaldıraraq təslim oldu. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Antiterror tədbirləri qaçılmaz idi. Ermənistan bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın.

Bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Ulu öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub. Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o qədər böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq. Heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi. Bu gün Azərbaycana ən çox düşmənçilik edən o ölkələrdir ki, 1992-1993-cü illərdə Ermənistanın yanında idi. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdır, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Davamlı inkişaf dövlət siyasətimizin əsas hədəfidir. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.

Hal-hazırda qondarma respublikasının rəhbərliyində olanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.

Ağabəyova Mənzər,
Xəzər rayonu, 156 №li tam orta məktəbi tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button