
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının öz dövlətinə sahib çıxmasının, xalqın iradəsinin təntənəsinin və müstəqilliyin qorunmasının təcəssümüdür. Bu günün əhəmiyyəti təkcə tarixi keçmişdə deyil, həm də gələcək nəsillərə dövlətçiliyin və milli birliyin əhəmiyyətini anlatmaqda öz əksini tapır.
Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar, təşkilatlar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik olan Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi.
Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
1992-1993-cü illərdə ölkədə baş verən xaos, anarxiya, siyasi böhran, hərbi üsyan, vətəndaş müharibəsi ehtimalı dövlətçiliyin tam iflası ilə nəticələnə bilərdi. Belə bir zamanda xalqın böyük əksəriyyəti ölkənin yeganə xilaskarını Heydər Əliyevi Bakıya dəvət etdi. Azərbaycanın o zamankı dövlət başçıları Heydər Əliyevi rəsmən Naxçıvandan Bakıya dəvət etməyə məcbur oldular. 1993-cü il iyunun 9-da Bakıya qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixində yeni bir mərhələ başlandı. Ölkədə siyasi sabitlik təmin olundu, vətəndaş qarşıdurmasının qarşısı alındı, ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan kurs müəyyənləşdirildi.
Milli Qurtuluş Günü təkcə tarixi bir hadisənin xatırlanması deyil, həm də milli birlik və dövlətçilik ənənələrinin qorunmasının simvoludur. Bu gün Azərbaycan xalqının öz taleyinə sahib çıxaraq düzgün seçim etməsinin nəticəsidir. Əgər 1993-cü ilin iyununda Heydər Əliyev hakimiyyətə qayıtmasaydı Azərbaycan parçalanacaq və öz müstəqilliyini itirəcəkdi.
Hazırda Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə çevirib, ərazi bütövlüyümüz və suberenliyimiz tam bərpa olunub. Qədirbilən xalqımız bütün uğurların məhz Milli Qurtuluş günündən başladığını yaxşı bilir və bu günü bayram kimi qeyd edir.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



