Analitika

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsi

Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyev demişdir: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.

Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. Məhz bu istefafan sonra Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlərin yaşanması başlandı. Erməni millətçilərinin dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə Azərbaycan xalqının ağır günləri başladı.

Müstəqilliyin ilk illərində isə AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və digər bu kimi əməllər Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. 1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Belə şəraitdə ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyət daxilində qruplaşmalar yaranmış və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Hətta qeyd etmək lazımdır ki, hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Mövcud vəziyyətdən təngə gəlmiş Azərbaycan xalqının yeganə pənahı və ümidi Ulu Öndər Heydər Əliyev idi. Xalqımız bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin simasında görürdü. Nəticə olaraq təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü də sonda Heydər Əliyevdən imdad istədi.

“Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” – Ulu Öndər Heydər Əliyev.

Qeyd olunan fikirdən də göründüyü kimi ölkəni sabitliyə aparan ilk addımlar atılmağa başladı. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xalqımız da Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etmişdir. 1993-cü ilin 15 iyuntarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. Onun tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti və Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.

Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”

Xəyalə Abbasova,
Xəzər rayonu, 185 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button