
“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” —Ulu Öndər Heydər Əliyev.
Azərbaycan xalqı hər il 12 noyabr tarixini — Azərbaycan Respublikasının Konstitusiyası Günü’nü böyük qürur və iftixarla qeyd edir. Bu tarix müstəqil dövlətçiliyimizin, milli suverenliyimizin və demokratik inkişaf yolumuzun hüquqi əsaslarını müəyyən edən əlamətdar bir gündür. Konstitusiya tariximizə qısa nəzər Azərbaycanın konstitusiya quruluşunun tarixi 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinə qədər gedib çıxır. Həmin dövrdə dövlətin əsas qanununun qəbuluna hazırlıqlar görülsə də, Cümhuriyyətin cəmi 23 ay yaşaması bu məqsədin reallaşmasına imkan vermədi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edildi. Sonrakı illərdə — 1925, 1927, 1937 və 1978-ci illərdə Azərbaycan SSR-in yeni Konstitusiyaları qəbul olundu.
1978-ci il Konstitusiyasının qəbulunda Ümummilli Lider Heydər Əliyevin mühüm rolu olmuşdur. Onun təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası əlavə edildi. Bu, milli kimliyimizin qorunması və dövlət dilimizin hüquqi statusunun təsbit olunması baxımından tarixi hadisə idi. Müstəqil Azərbaycanın Konstitusiyası 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan, yeni, müasir dövrün tələblərinə cavab verən Konstitusiyanın hazırlanması məqsədini qarşısına qoydu. Lakin 1991–1993-cü illərdəki siyasi qeyri-sabitlik bu prosesi mümkünsüz etdi. Yalnız 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə sabitlik yaratdı, dövlətçiliyimizin əsaslarını möhkəmləndirdi və müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasına rəhbərlik etdi.
Heydər Əliyev deyirdi: “Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun olsun.” Onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi. Səsvermədə iştirak edən seçicilərin 91,9 faizi bu sənədin lehinə səs verdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Konstitusiya Günü və onun əhəmiyyəti
Ulu Öndər Heydər Əliyevin 15 dekabr 1995-ci il tarixli Fərmanı ilə 12 noyabr “Azərbaycan Respublikasının Konstitusiyası Günü” elan edildi. 1996-cı il 1 noyabr tarixli digər Fərmanla bu günün ölkə miqyasında təntənəli şəkildə qeyd olunması qərara alındı.
Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri kimi tarixə düşdü. Bu sənəd müstəqil dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının, hüquqi, dünyəvi və demokratik dövlətin möhkəm təməlini yaratdı. Demokratik inkişafın hüquqi əsası müstəqil Azərbaycanın Konstitusiyası ölkəmizdə hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquqlarının müdafiəsini dövlətin ali vəzifəsi kimi təsbit etdi. Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquq və azadlıqlarına həsr olunmuşdur. 1998-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkədə konstitusiya ədalət mühakiməsini həyata keçirən mühüm orqan kimi hüquqi dövlət prinsiplərinin qorunmasında əvəzsiz rol oynayır.
Konstitusiya və Suverenlik İli – 2025
Vətən müharibəsində qazanılmış tarixi Qələbə və ölkəmizin ərazi bütövlüyünün tam bərpası Konstitusiyamızın hüquqi qüvvəsini bütün ərazilərimizdə təmin etdi. Məhz buna görə Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bundan əlavə, 2025-ci il 10 oktyabr tarixli Qanunla “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis olunmuşdur. Bu medal Konstitusiyanın hazırlanması, təkmilləşdirilməsi və təbliğinə xüsusi töhfə vermiş şəxslərin əməyinə verilən yüksək dövlət qiymətidir.
Nəticə etibari ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın azadlıq, ədalət və milli dövlətçilik iradəsinin parlaq ifadəsidir. O, həm hüquqi, həm də mənəvi baxımdan dövlətimizin sütununu təşkil edir. Məhz bu sənəd sayəsində Azərbaycan bu gün beynəlxalq aləmdə müstəqil, güclü, ədalətli və hüquqi dövlət kimi tanınır. 12 noyabr — Konstitusiya Günü xalqımızın milli dövlətçilik tarixində əbədi yaşayacaq qürur səhifəsidir. Bu gün biz fəxrlə deyirik ki, Konstitusiyamız — suverenliyimizin, azadlığımızın və gələcəyimizin təminatıdır!
İbrahimzadə Vüsalə
Xəzər rayonu, 216 nömrəli tam orta məktəbin müəllimi



