İlham Əliyev – tarixi Zəfərin memarı, Qələbəmizin Ali Baş Komandanı!

Azərbaycan xalqının 2020-ci ildə qazandığı möhtəşəm Zəfər təkcə hərbi Qələbə deyil, həm də güclü dövlətçilik siyasətinin, qətiyyətli siyasi iradənin və uzaqgörən liderliyin təntənəsidir. Bu tarixi Qələbənin arxasında illərlə aparılmış məqsədyönlü siyasət, güclü ordu quruculuğu, iqtisadi inkişaf və milli birliyin möhkəmləndirilməsi dayanır.
Bu böyük tarixi missiyanın həyata keçirilməsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rolu müstəsna əhəmiyyət daşıyır. Dövlət başçısı hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını əsas milli hədəflərdən biri kimi müəyyənləşdirmiş, bütün siyasi, diplomatik, iqtisadi və hərbi imkanları bu məqsədə yönəltmişdir.
Cənab İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və işğal altında olan torpaqlarımız azad olunacaq. Bu prinsipial mövqe sadəcə siyasi bəyanat deyil, dövlət siyasətinin əsas istiqaməti və xalq qarşısında verilmiş tarixi vəd idi.
44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyət, siyasi iradə və strateji düşüncə Azərbaycanın Qələbəsində həlledici amillərdən biri oldu. Dövlət başçısının beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr, diplomatik müstəvidə apardığı prinsipial mübarizə və xalqımıza müraciətləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı.
Müharibənin ən çətin günlərində Ali Baş Komandanın qətiyyətli mövqeyi xalqda böyük inam yaratdı. Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək milli həmrəyliyin və dövlətə sədaqətin parlaq nümunəsini nümayiş etdirdi. Dəmir yumruq yalnız hərbi gücün deyil, həm də xalq-iqtidar birliyinin rəmzinə çevrildi.
8 noyabr 2020-ci ildə Şuşanın azad olunması ilə Azərbaycanın Zəfər tarixinin ən şanlı səhifələrindən biri yazıldı. Prezident İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciətində səsləndirdiyi tarixi fikirlər bütöv bir xalqın illərlə gözlədiyi Qələbənin müjdəsi oldu.
Bu Zəfər Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı, qazilərimizin igidliyi və Ali Baş Komandanın rəhbərliyi ilə əldə edildi. Hər bir Azərbaycan vətəndaşı bu tarixi Qələbənin nə qədər böyük məsuliyyət və fədakarlıq hesabına qazanıldığını unutmamalıdır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının icrası tarixi Zəfərin məntiqi davamıdır. Bir zamanlar dağıdılmış, viran qoyulmuş torpaqlarımızda yeni şəhərlər, kəndlər, yollar, məktəblər və müasir infrastruktur yaradılır.
8 Noyabr bizə bir daha sübut etdi ki, güclü dövlət, qətiyyətli rəhbər və bir yumruq kimi birləşən xalq qarşısında heç bir maneə dayana bilməz.
Azərbaycanın Zəfər salnaməsi dövlətçilik tariximizin əbədi qürur mənbəyi, gələcək nəsillər üçün isə vətənpərvərlik və milli məsuliyyət məktəbidir.
Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri



