Analitika

Heydər Əliyev və Azərbaycan dilinin inkişafı

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Heç, şübhəsiz, millətin simasını səciyyələndirən amillərdən birincisi dildir. Bu gün ana dilimizin dövlət statuslu dillər arasında olmasına görə biz hamımız məhz Heydər Əliyevə borcluyuq.

“Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövət dilini mükəmməl bilməlidir… Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz” deyən Ulu Öndər öz müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, böyük mütəfəkkir və alim idi.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdır.

Dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır.

1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilən məsələlərdən idi. 1977-ci ildə SSRİ konstutisiyasının qəbulundan sonra milli dilərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi və ölkədə “vahid dil”- Rus dilinin təbliği siyasəti genişlənmişdi. Belə bir vaxtda Azərbaycan SSR-in rəhbəri olan Heydər Əliyev dil məsələsinə öz mövqeyini çox cəsarətlə və qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ konstitusiyasında vətəndaşlara təhsil hüququnun verilməsi haqqında maddəni xüsusi vurğulayaraq hər bir kəsin öz ana dilində təhsil almaq hüququnun olduğunu bildirmişdi. O, ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün çətinliklərə və maneələrə qalib gəlmişdi. 1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR-nin Konstitusiyasına görkəmli rəhbər, mahir siyasətçi Heydər Əliyevin təklifi ilə 73-cü maddə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyası ilə daxil edilmişdi. Bununla Azərbaycan dili dövlət dili statusu almış oldu. Azərbaycan dilinə dövlət dili statusunun veriməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur.

Ümumilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. O, Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərir, ana dilində nəşr olunan kitabların tirajlarının artırılmasını, tədbirlərin ana dilində aparılmasını tövsiyə edirdi.

1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi dahada gücləndirilmişdir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli nəzarət etmək və bu prosesi ümumilli maraqlar konteksində tənzimləmək məqsədi daşıyırdı.

Ümumilli lider Heydər Əliyev dilimizin saflığı, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulamış, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkmişdir. Bunu Ulu Öndərin şəxsi timsalında görkəmli alim Nizami Xudiyev belə təsvir edir; “O, gözəl nitq mədəniyyəti danışıq tərzi, habelə səsinin tembri, aydın diksiyası, intonasiyası, hətta üz cizgiləri, mimikası ilə də auditoriyanı ələ alır, onu zənginləşdirir, tərbiyə edirdi. Sanki sənin qarşında dilin bütün incəliklərinə dərindən bələd olan, uzun illər natiqlik, nitq mədəniyyətindən dərs verən mahir bir dilçi alim çıxış edirdi. Onun nitqi mükəmməl kamil bir nitq idi. Zəngin biliyə, analitik təfəkkürə malik bir insan tarixçi ilə tarixçi, kimyaçı ilə kimyaçı, musiqiçi ilə musiqiçi, yazıçı ilə yazıçı dilində danışırdı.”

Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır.

Ulu Öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir. Bu mənada biz dahi, müdrik rəhbərimizdən – Heydər Əliyevdən doğma xalqa, vətənə, Azərbaycana yorulmadan xidmət etməyi, milli-mənəvi dəyərlərimizin keşiyində dayanmağı, müqəddəs sərvətimiz olan Azərbaycan dilini sevməyi, bu dildə danışmaqdan qürur duymağı öyrənməliyik. Biz Heydər Əliyevdən əsl Azərbaycançılığı, vətənçiliyi, milliliklə dünyəviliyin ahəngdar vəhdətini, bir sözlə Heydər Əliyevçiliyi öyrənməliyik.

Osmanova Məlahət,
Xəzər rayonu, 92 № li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button