Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir
Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə sıx bağlı olur. Azərbaycan dilinin tarixi də xalqımızın tarixi ilə əlaqədar olaraq onun kimi çox qədimdir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuşdur. “Bir xalqı yox etmək istəyirsənsə, ilk növbədə onun dilini məhv et” – tez tez eşitdiyimiz bu sözlərin həqiqət olduğunu tarix bizə göstərir. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun müddət sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladağı digər Fərmana əsasən ölkəmizdə hər il 1 avqust tarixində Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı. Daha sonra, 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Ana dilimiz azərbaycan dilidir və bu dili vətənini, xalqını sevən hər bi azərbaycanlı bilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir. Ölkə rəhbəri çıxışlarında dilimizin saflığının pozulması ilə bağlı narahatlığını da gizlətmir, o, bu vacib məsələni diqqətə çatdıraraq Mədəniyyət Nazirliyinə bir vəzifə olaraq, digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qorunması istiqamətində çox ciddi işlər aparılmasını tapşırıb. Prezident xüsusilə mətbuat orqanlarında, teleradio məkanında bəzi hallarda dilimizin saflığının pozulduğunu diqqətə çatdıraraq bildirmişdir ki, bu cür halların qarşısı alınmalıdır. Eyni zamanda dövlət başçısı dünyada 50 milyondan çox insanın ana dilinin Azərbaycan dili olduğunu vurğulayır və bu işin ciddiyətinə işarə edir.
Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir.Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər.
Dilimizi qoruyaq və sevək! Bu, hər birimizin vətəndaşlıq borcudur!
Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru



