
Azərbaycan xalqının tarixində xüsusi yeri olan əlamətdar günlərdən biri də 8 Noyabr – Şuşa Şəhəri Günüdür. Bu gün xalqımızın qəhrəmanlıq salnaməsinin, milli birliyinin və Vətənə sonsuz məhəbbətinin təcəssümüdür. Şuşanın azad edilməsi Azərbaycan tarixində yeni bir səhifə açaraq hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissi yaratmışdır.
Şuşa qədim tarixi, zəngin mədəniyyəti və füsunkar təbiəti ilə Azərbaycanın ən dəyərli şəhərlərindən biridir. Bu şəhər əsrlər boyu xalqımızın milli-mənəvi sərvətlərinin qorunmasında mühüm rol oynamışdır. Şuşa həm də Azərbaycan musiqisinin beşiyi, muğam sənətinin inkişaf etdiyi, böyük şairlərin, bəstəkarların və sənətkarların yetişdiyi müqəddəs məkandır. Üzeyir Hacıbəyli, Xan Şuşinski, Bülbül, Xurşidbanu Natəvan kimi görkəmli şəxsiyyətlərin adları Şuşanın şöhrətini bütün dünyaya tanıtmışdır.
1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Uzun illər xalqımız bu qədim şəhərin həsrəti ilə yaşamış, onun azad olunacağı günü səbirsizliklə gözləmişdir. Nəhayət, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Şuşa işğaldan azad edildi. Bu tarixi qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan əsgərinin igidliyi və xalqımızın sarsılmaz birliyi sayəsində mümkün oldu.
Şuşanın azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyində mühüm dönüş nöqtəsi oldu. Azərbaycan əsgərlərinin dağlıq və meşəlik ərazilərdə göstərdiyi şücaət hərb tarixində xüsusi yer tutdu. Bu qələbə bir daha sübut etdi ki, xalqımız öz doğma torpaqlarına bağlıdır və milli məqsədləri uğrunda hər zaman mübarizə aparmağa hazırdır.
Bu gün Şuşa şəhərində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Tarixi-memarlıq abidələri bərpa edilir, yollar, yaşayış binaları və sosial obyektlər yenidən qurulur. Şuşada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları və mədəniyyət layihələri şəhərin əvvəlki şöhrətinin bərpasına böyük töhfə verir. Şuşanın dirçəlişi Azərbaycanın gücünün, inkişafının və gələcəyə inamının göstəricisidir.
8 Noyabr – Şuşa Şəhəri Günü yalnız bir şəhərin azad olunmasını deyil, həm də milli qürurumuzun, tarixi ədalətin və xalqımızın yenilməz iradəsinin təntənəsini ifadə edir. Bu gün biz Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığı qarşısında baş əyirik.
Şuşa xalqımızın qəlbində yaşayan, tariximizi və milli kimliyimizi yaşadan müqəddəs şəhərdir. Onun azadlığı gələcək nəsillər üçün daim qürur mənbəyi olacaqdır.
Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



