AnalitikaGündəmSiyasət

8 Noyabr – Şuşa Şəhəri Günü

Hər il noyabrın 8-i gələndə qəlbimizdə başqa bir qürur, başqa bir dirçəliş dalğası baş qaldırır. Bu tarix sadəcə təqvimdəki rəqəm deyil; bu, otuz illik həsrətin, göz yaşının, haqsızlıqlara qarşı duran mətin xalqın əyilməz iradəsinin zəfər nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

​Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa artıq xarabalıqlardan ucalan, tarixi simasını bərpa edən, hər daşından qürur yağan əbədi yurdumuzdur. Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək ata ocağını, mədəniyyət beşiyimizi azad edən Ali Baş Komandanın dediyi o müqəddəs sözlər hər birimizin içimizdəki yaraya məlhəm oldu: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!”

​Şuşanın azadlığı asan başa gəlmədi. Dünyanın ikili standartlarına, kağız üzərində qalan qətnamələrə baxmayaraq, xalqımız yumruq kimi birləşdi. 2020-ci ilin noyabrında döyüş meydanında yazılan bu tarix bütün dünyaya sübut etdi ki, ədalət gec də olsa bərpa olunur. Prezidentin də haqlı olaraq vurğuladığı kimi, bu qələbə masada deyil, məhz döyüş meydanında qanla, canla əldə edildi.

​O qızıl payız günündən bəri Şuşada başlanan quruculuq salnaməsi isə başqa bir dastandır. İllərlə həsrətini çəkdiyimiz Cıdır düzündən əsən külək indi yenidən azadlıq nəğməsi oxuyur. Şuşaya çəkilən Zəfər yolu, bərpa olunan məscidlər – Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri, tarixi saraylar, “Xan qızı” bulağı, Sadıqcanın evi və dahi şəxsiyyətlərin güllələnmiş heykəllərinin doğma evlərinə qayıtması bu torpağın əzəli sahiblərinə məxsus olduğunu hər an nümayiş etdirir.

​Bu illər ərzində Şuşa sadəcə bərpa olunan şəhər deyil, həm də dünya siyasətinin, mədəniyyət və qlobal forumların mərkəzinə çevrildi. Xarıbülbül musiqi festivalları, beynəlxalq tədbirlər, qardaş ölkələrin liderlərinin, xarici qonaqların bu müqəddəs məkana səfərləri Şuşanın qlobal miqyasda qazandığı nüfuzun göstəricisidir. Xüsusilə keçən il Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Şuşaya səfəri, cari ildə isə Kiçik Qaladərəsi kəndinə sakinlərin qayıtması, yeni infrastruktur layihələrinin və “Yasəmən” hotelinin açılması onu göstərir ki, Qarabağda həyat tam gücü ilə qayıdıb.

​Şuşa günü – tariximizin şərəf səhifəsi, gələcəyə olan sarsılmaz inamımızdır. Bu gün doğma Şuşamızda azad dalğalanan üçrəngli bayrağımız bizim əbədi qürurumuzdur. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Şuşa azaddır, Qarabağ Azərbaycandır!

 Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button