Analitika

Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir

Bu gün Azərbaycanın regionlarında aparılan sosial-iqtisadi quruculuq işləri nəticəsində ölkəmiz həm inkişaf edir, həm güclənir. 2004-cü ildən başlayaraq davam edən Dövlət proqramlarının əsas hədəfi insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərin yaradılması, eləcə də bölgələrdə də bu işlərin təmin edilməsidir. Möhtərəm Prezident İlham Əliyev müsahibəsində bildirmişdir ki, Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99, 8 faizdir. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Son 10 il ərzində 61 milyon müraciət olmuşdur. Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir. Bütün bərpa və quruculuq işləri plan üzrə gedir. İşğaldan azad olunmuş torpaqlarda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal işə start verilmişdir. Artıq icra olunmuş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır – Ağalı və Talış kəndlərində. Bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük – abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur.  Cənab Prezident onu da qeyd edir ki, 2023-cü ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, büdcəyə əlavələr edək. Büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. İndi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonrayeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır.                                                    

Bu gün işğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir. Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. İkinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər də inşa edilir. İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Keçmiş köçkünlərin öz yurdlarına qayitması da layihə çərçivəsində həyata keçirilir. Onlar bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar. Son planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. 140-dan çox mənzil hazır olacaqdır. Beləliklə, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəkdir.

Bu layihələrin və proqramların davamlı həyata keçirilməsi bir daha göstərir ki, Azərbaycan dövlətinin əhalinin rifah halının yaxşılaşdırılması üçün gördüyü işlər uğurla davam etdirilir. Ölkəmizin iqtisadi və siyasi cəhətdən inkişafı region dövlətləri arasında gücümüzün sarsılmaz olduğunu bir daha sübut edir.

Ağabəyova Günay,
Xəzər rayonu, 230 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button