Analitika

İqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz. Onda demək olar ki, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir.

Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və hal-hazırda prezident İlham Əliyevin yaradıcılıqla və uğurla inkişaf etdirdiyi Azərbaycanın iqtisadi inkişaf strategiyasının formalaşması mərhələlərinin, onun sürətli inkişafını təmin edən başlıca amilərin tədqiqi və dəyərləndirilməsi Ulu Öndərin iqtisadi irsinin öyrənilməsində və ölkəmizin perspektiv inkişafinın prioritetlərinin, məqsəd və hədəflərinin müəyyən edilməsində, reallaşmasında müstəsna əhəmiyyətə malikdir.

XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında bazar iqtisadiyyatına keçid və dünya iqtisadi sisteminə səmərəli inteqrasiya olunmaqla milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək kimi strateji vəzifələr dururdu. Ulu Öndər 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirmiş və bu modelin həyata keçirilməsini təmin edən islahat-inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının, layihələrin işlənilməsinə və reallaşdırılmasına xüsusi əhəmiyyət vermişdir. Bu illərdə Azərbaycanda milli iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən tədbirlər göstərir ki, müstəqilliyin ilk illərində aparılan iqtisadi, siyasi, institusional islahatlar ölkə iqtisadiyyatının perspektiv inkişafı üçün güclü zəmin, əsas yaratmış və bunlar dönməz xarakter almışdır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, dünya təcrübəsində sistemin transformasiyasının iki yolu – “şok terapiyası” və “təkamül yolu” məlumdur. Azərbaycan reallığını nəzərə alaraq Heydər Əliyev transformasiya prosesində böhrandan çıxış və perspektiv inkişaf tədbirlər sistemini müəyyənləşdirərkən, hər bir konkret halda “şok terapiyası” və “təkamül yolu”nun prinsiplərindən ayrılıqda, tələb olunan hallarda isə onların birgə tətbiq olunmasına və iqtisadi siyasətdə koordinasiya, sistemlilik və prioritetlərin düzgün seçilməsinə xüsusi önəm verirdi. Müstəqilliyin ilk illərində ölkəmizin investisiya imkanlarının məhdud olduğunu nəzərə alaraq Ulu Öndər xüsusi qeyd edirdi ki, Azərbaycanda iqtisadiyyatın o sahələrinin inkişafı təmin edilməlidir ki, ilkin olaraq bu istiqamətlər ölkənin iqtisadi-siyasi müstəqilliyini qorumağa və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etməyə imkan versin və bu sahələrin üstün inkişafı nəticəsində yaranmış gəlirlər ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilsin. Bu illərdə hələ də dünya qlobal maliyyə böhranından tam qurtara bilmədiyi bir mərhələdə Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın bir müstəqil dövlət kimi formalaşdırılması və inkişafı ilə bağlı iqtisadiyyatın bütün sahələrində həyata keçirdiyi çoxşaxəli islahat-inkişafa yönəltdiyi tədbirlər Ulu Öndərin böyük təcrübəyə, biliyə, analitik düşüncəyə və uzaqgörən iqtisadi strategiyaya malik bir şəxsiyyət olduğunu göstərdi.

Qeyd etmək lazımdır ki müstəqilliyin ilk illərində Azərbaycanda hərbi, sosial-iqtisadi, siyasi böhran dərinləşmiş müstəqilliyin itirilməsi, hətta vətəndaş müharibəsi təhlükəsi yaranmış, Azərbaycana Ermənistanın hərbi təcavüzü nəticəsində 90-cı illərin əvvəlidən etibarən ölkədə iqtisadiyyatın bütün sahələrində istehsal tənəzzül etmişdi. Belə ki, 1991-1995-ci illərdə ölkədə istehsal müəssisələrinin böyük əksəriyyəti dayanmış və ya öz gücünün 15-20% səviyyəsində işləmiş, illik geriləmə sənayedə 20-24%-ə, kənd təsərrüfatında 15-20%-ə, əsaslı vəsait qoyuluşunda 40%-ə düşmüş, istehlak mallarının qiymətinin ildə 14-18 dəfə artması iqtisadi və sosial sahənin sıradan çıxmasına səbəb olmuşdur.

Bu dövrdə Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə yenidən gəldikdən sonra müstəqilliyin ilk illərində ölkəmizin qarşısında duran problemlərin ağırlığını və xalqın qarşısında məsuliyyətini xüsusi vurğulayaraq qeyd etmişdir: “Ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm”. Onun böyük səyi, iradəsi və idarəçilik məharəti sayəsində ölkədə qısa bir müddət ərzində əldə olunan makroiqtisadi, siyasi sabitlik, habelə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu iqtisadi sistemin transformasiyası ilə bağlı aparılması nəzərdə tutulan iqtisadi islahatların qanunvericilik bazasının yaradılmasına, sosial-iqtisadi inkişafda prioritetlərin seçilməsinə, cari və perspektiv məqsədlər nəzərə alınmaqla qeyd olunanların reallaşdırılmasının taktika və strategiyasını müəyyənləşdirməyə imkan verdi. Onu da xüsusi qeyd etmək lazımdır ki , Ulu öndərin bazar iqtisadi sisteminə keçid mərhələsində müstəqil milli iqtisadiyyatın formalaşdırılması ilə əlaqədar həyata keçirdiyi iqtisadi strategiya ölkədə makroiqtisadi sabitliyin təmin olunması; sistemin transformasiyası ilə bağlı bütün istiqamətlər üzrə əsaslı iqtisadi islahatların aparılması; bütün səviyyələrdə bazar iqtisadi münasibətlərinin liberallaşdırılması; ölkədə demokratiyanın və sosial ədalətin bərqərar olunması ölkəmizin strateji milli maraq və mənafelərini qorumaqla dünya iqtisadi sistemə fəal və səmərəli inteqrasiya olunması prinsiplərinə əsaslanırdı. Azərbaycan bazar iqtisadiyyatı sisteminə keçidin ilk mərhələsində iqtisadiyyatın sahə və sferaları arasında inteqrativ və funksional əlaqələrin pozulduğu, iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin formada artdığı sistemsizlik böhranının bütün fəsadlarını özündə əks etdirən bir dövrdə yaşayırdı.

Onu da qeyd etmək lazımdır ki, hər bir iqtisadi inkişaf modeli müvafiq və məqsədyönlü iqtisadi strategiya və bu strategiya çərçivəsində həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar vasitəsilə reallaşdırılır. Azərbaycanda müstəqilliyin ilk illərindən başlayaraq bazar iqtisadiyyatı sisteminin prinsiplərinin və mexanizmlərinin formalaşması məqsədilə iqtisadiyyatın yenidən qurulması, iqtisadi inkişafın sürətləndirilməsi, sahibkarlığın stimullaşdırılması, səmərəli investisiya və innovasiya layihələrinin həyata keçirilməsi istiqamətində aparılan islahatları Ulu Öndər mühüm və zəruri şərti kimi dəyərləndirirdi və bunların əsasını onun müəllifi olduğu uğurlu neft strategiyası təşkil edirdi.

Bunlar yanaşı keçid iqtisadiyyatının ilk illərində ölkəmizin maliyyə imkanlarının məhdudluğu şəraitində xarici investisiyaların iqtisadiyyatın neft-qaz sektoruna cəlb edilməsi nəticəsində ölkənin maliyyə imkanları genişlənməyə başladı, inkişaf etmiş ölkələrin yeni texnika və texnologiyalarının, innovativ layihələrinin, mütərəqqi əmək vərdişlərinin, üsul və vasitələrinin, peşə və ixtisaslarının iqtisadiyyatımıza cəlb edilməsi Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərini təşkil etmişdir. Ümum milli lider Heydər Əliyevin iqtisadi inkişaf modelinin əsas cəhətlərindən biri də onun möhkəm elmi konseptual baza və mütərəqqi qanunvericilik əsaslar üzərində formalaşmasıdır. Bu baxımdan Ulu Öndərin bilavasitə tapşırıqları, qanunvericilik təşəbbüsləri və tövsiyələri əsasında müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, dövlətin idarəedilməsinin təkmilləşdirilməsi, iqtisadiyyatımızda bazar iqtisadi sisteminin əsaslarının yaradılması, ölkə əhalisinin sosial-iqtisadi rifahının və hüquqlarının təmin edilməsi ilə bağlı əksər qanunvericilik sənədləri və normativ-hüquq aktları qəbul edilmiş, onların səmərəli işlək mexanizmi hazırlanmışdır.

Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı və dayanaqlı inkişafının təmin edilməsinin əsasını təşkil edən Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin müstəqil inkişaf strategiyasının dəqiqliklə hazırlanması və ölkə Prezidenti İlham Əliyevin bu kursu tam və uğurla davam etdirməsi ölkə iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir.

Müstəqil Azərbaycan Respublikasında milli iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılmasının nəticəsində ölkəmizdə, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, davamlı və dayanıqlı inkişaf təmin edilmişdir.

Bayramova Sürayə,
Xəzər rayonu, 121 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button