
Son illər qlobal müstəvidə baş verən sürətli dəyişikliklər, dərinləşən geosiyasi böhranlar və ideoloji ziddiyyətlər bəşəriyyəti yeni çağırışlarla üz-üzə qoyub. Məhz belə bir mürəkkəb tarixi dönəmdə Bakı şəhərinin yenidən qlobal müzakirələrin mərkəzinə çevrilməsi təsadüfi deyil. Oktyabrın 27-də baş tutan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha göstərdi ki, Azərbaycan həm regional, həm də beynəlxalq miqyasda sülhün, qarşılıqlı etimadın və tərəqqinin əsas mərkəzlərindən biridir. Prezident İlham Əliyevin bu mötəbər tədbirdəki çıxışı isə sadəcə diplomatik nitq deyil, müasir dünyanın acı həqiqətlərinə verilən dərin siyasi qiymət və ədalət çağırışıdır.
Tarixə nəzər salsaq, görərik ki, Azərbaycan cəmiyyətinin təməlində hər zaman dözümlülük, multikulturalizm və qarşılıqlı hörmət dayanıb. Əsrlər boyu müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin eyni çətir altında, bir ailə kimi dinc yanaşı yaşaması bizim ən böyük mənəvi dəyərlərimizdəndir. Ölkəmizi daxildən sarsıtmağa çalışan heç bir qüvvə uğur qazana bilməz, çünki xalqımızın təməlində qırılmaz tellərlə birləşən həmrəylik dayanır. Xüsusilə Vətən müharibəsi dövründə bütün vətəndaşlarımızın yumruq kimi birləşməsi bu həmrəyliyin canlı sübutu oldu.
Ötən otuz il ərzində beynəlxalq təşkilatların qətnamələrinin kağız üzərində qalması, haqsızlıqların və ikili standartların adi hala çevrilməsi xalqımızın iradəsini qıra bilmədi. Azərbaycan hər zaman öz gücünə və haqlı mübarizəsinə güvəndi. BMT Nizamnaməsinin müvafiq müddəalarına əsaslanaraq torpaqlarını işğaldan azad edən ölkəmiz bu gün bölgədə tamamilə yeni reallıq yaradıb. Ən əsası isə odur ki, qələbədən dərhal sonra qisasçılıq hissi ilə deyil, sülh təşəbbüsləri ilə çıxış edən Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsasını qoyub. Ağ Evdə, dünya siyasətinin mərkəzində əldə olunan tarixi irəliləyişlər dövlətimizin beynəlxalq nüfuzunun hansı səviyyədə olduğunun açıq göstəricisidir.
Bu gün ölkəmizin iqtisadi müstəqilliyi, xarici borcun minimum səviyyədə olması, qlobal enerji təhlükəsizliyində oynadığımız mühüm rol və nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməyimiz xarici siyasətimizin uğurunu şərtləndirən əsas amillərdəndir. Dünyanın iki nəhəng gücü ilə strateji tərəfdaşlıq əlaqələrinin qurulması, Avropa İttifaqına üzv ölkələrlə sıx əməkdaşlıq, gələn il İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcəyimiz və 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi etməyə hazırlaşmağımız Azərbaycanın qlobal arenadakı mövqeyinin bariz nümunəsidir. Dövlət başçımızın uzaqgörən xarici siyasəti sayəsində respublikamız bu gün sadəcə tranzit ölkə deyil, həm də qlobal qərarların qəbulunda iştirak edən etibarlı tərəfdaşdır. Görülən bütün bu işlər hər bir vətəndaşımızda haqlı qürur hissi yaradır və bizi gələcəyə daha böyük inamla baxmağa ruhlandırır.
Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi



