AnalitikaGündəmSiyasət

Yenidən Doğulan Qədim Diyar

44 günlük Vətən müharibəsinin şanlı salnaməsində xüsusi yeri olan hadisələrdən biri də Qubadlı rayonunun işğaldan azad edilməsidir. 2020-ci il oktyabrın 25-də Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı şəhərini və rayonun kəndlərini düşmən tapdağından təmizləyərək Zəfər tariximizə qızıl hərflərlə yazılan növbəti böyük qələbəyə imza atdı.

Qubadlının azad olunması təkcə hərbi baxımdan deyil, həm də strateji və psixoloji cəhətdən böyük əhəmiyyət kəsb edirdi. Cəbrayıl və Zəngilan istiqamətində qazanılan uğurlardan sonra Qubadlı şəhərinin azad edilməsi Ordumuzun Laçın dəhlizinə və Şuşa istiqamətinə irəliləməsi üçün geniş imkanlar açdı.

28 illik həsrətə son qoyan bu tarixi qələbə, eyni zamanda, Şuşa Zəfərinə gedən yolu daha da yaxınlaşdırdı. Məhz bu tarixi nailiyyətin əbədiləşdirilməsi məqsədilə dövlət başçısının sərəncamı ilə 25 oktyabr “Qubadlı Şəhəri Günü” kimi təsis edilmişdir.

İşğaldan azad olunduqdan dərhal sonra Qubadlıda genişmiqyaslı bərpa, yenidənqurma və infrastruktur layihələrinin icrasına başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yerində müasir, modern və ekoloji cəhətdən təmiz yaşayış məskənlərinin salınması “Böyük Qayıdış” proqramının ana xəttini təşkil edir.

Xudafərin–Qubadlı–Laçın və Xanlıq–Qubadlı avtomobil yolları bölgənin nəqliyyat loqistikasını tamamilə dəyişən, müasir standartlara cavab verən çoxzolaqlı avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. Enerji təchizatı rayonun dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün “Qubadlı” yarımstansiyası tikilib istifadəyə verilmiş, kiçik su elektrik stansiyalarının bərpası və qurulması həyata keçirilmişdir.

Qubadlı şəhərinin Baş Planı hazırlanarkən onun tarixi simasının qorunması ilə yanaşı, müasir şəhərsalma konsepsiyaları və “Yaşıl Enerji Zone” prinsipləri əsas götürülüb. Şəhərdə müasir yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları və tibb müəssisələri, ictimai parklar və istirahət guşələri layihələndirilib və pilləli şəkildə inşa olunur.

Qubadlının zəngin təbiəti, torpaq resursları və su ehtiyatları kənd təsərrüfatının (xüsusilə heyvandarlıq, meyvəçilik və arıçılıq) bərpası üçün böyük potensial yaradır. Rayonun kəndlərində müasir texnologiyalara əsaslanan “Ağıllı kənd” konsepsiyası tətbiq olunur, sakinlər üçün həm rahat yaşayış, həm də iş yerləri təmin edilir.

Bu gün Qubadlı sürətlə yenidən qurulur, dirçəlir və doğma sakinlərinə qucaq açmağa hazırlaşır. Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi, torpaqlarımızın əsl sahibləri artıq geriyə dönüb. Qubadlıda ucalan Azərbaycan bayrağı, aparılan misilsiz abadlıq işləri dövlətimizin gücünün, xalqımızın yenilməz iradəsinin və parlaq gələcəyinin bariz göstəricisidir.

Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button