GündəmAnalitikaSiyasət

Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin əhəmiyyətini önə çəkir

Sülhün təmin olunması yalnız silahlı qarşıdurmanın dayandırılması ilə məhdudlaşmır. Davamlı sülh üçün dövlətlər arasında qarşılıqlı etimadın yaradılması, suverenliyə hörmət və siyasi məsələlərin dialoq yolu ilə həlli vacibdir. Azərbaycan uzun illər davam edən münaqişədən sonra regionda yeni münasibətlər mərhələsinin formalaşmasına yönəlmiş mövqeyini beynəlxalq platformalarda ardıcıl şəkildə ifadə edir.

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra sülhün qorunmasının vacibliyini vurğuladı. Dövlət başçısı Azərbaycanın münaqişədən sonra Ermənistana sülh təklif etdiyini və qisas siyasəti yürütmədiyini bildirdi. Bu mövqe regionda gələcək əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm siyasi mesajdır.

Azərbaycanın münaqişə təcrübəsi beynəlxalq hüquqa hörmətin və vaxtında qəbul edilən qərarların əhəmiyyətini aydın göstərir. Təxminən 30 il davam edən işğal nəticəsində bir milyon azərbaycanlı doğma yurdlarından didərgin düşmüş, yaşayış məntəqələri dağıdılmışdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər icra olunmaması münaqişənin həllini gecikdirən amillərdən biri olmuşdu.

2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası Azərbaycanın müasir tarixində mühüm mərhələlərdir. Prezident İlham Əliyev bu nəticələri diqqətə çatdırmaqla yanaşı, əldə olunmuş vəziyyətin sülh və sabitlik üçün istifadə edilməsinin əhəmiyyətini də vurğuladı. Regionda etibarlı münasibətlərin qurulması üçün tərəflərin qarşılıqlı öhdəliklərə əməl etməsi vacibdir.

Prezident İlham Əliyevin sülh gündəliyi Azərbaycanın təhlükəsizlik maraqlarının qorunması ilə regional əməkdaşlığın inkişafını bir araya gətirir. AQEM-in Bakı Zirvə Görüşü bu yanaşmanın beynəlxalq auditoriyaya çatdırılması üçün mühüm imkan yaratdı. Davamlı sülhün bərqərar olması nəqliyyat, ticarət, humanitar əlaqələr və iqtisadi tərəfdaşlıq üçün yeni perspektivlər aça bilər.

Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button