Qubadlı Şəhəri Günü: Zəfər, tarix və dirçəliş səlnaməsi

Hər il oktyabrın 25-i Azərbaycanın tarix yaddaşında milli qürur günü kimi qeyd olunur. Bu tarix-Qubadlı Şəhəri Günü -44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanının ən parlaq səhifələrindən biridir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən bu əlamətdar gün doğma torpaqlarımızın işğaldan azad olunmasının, tarixi ədalətin bərpasının və qubadlıların həsrətinə son qoyulduğu müqəddəs bir anın rəmzidir.
Azərbaycanın cənub-qərbində — Zəngəzur yaylasında, Həkəri və Bərgüşad çaylarının sahillərində yerləşən Qubadlı bənzərsiz təbiəti, zəngin flora və faunası ilə seçilən dilbər guşələrimizdən biridir. Rayon qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir, şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə əhatələnib. Qubadlının tarixi kökləri qədim əsrlərə gedib çıxır. Ərazi özündə qədim yaşayış məskənlərinin izlərini, Alban dövrünə aid abidələri, daş kitabələri, türbələri və körpüləri qoruyub saxlayır. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olan Qubadlı həm də Azərbaycanın mədəniyyətə, elmə və incəsənətə böyük şəxsiyyətlər bəxş etmiş yurdudur.
1990-cı il iyulun 24-də şəhər statusu alan Qubadlı Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalan bölgələrimizdən biri oldu. 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı və ağır hərbi hücumları nəticəsində Qubadlı rayonu işğal edildi. Bu işğal nəticəsində rayonun 1 şəhəri və 93 kəndi düşmən tapdağı altında qaldı, minlərlə dinc sakin öz doğma ocağından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal illəri ərzində erməni vandalları Qubadlının maddi-mədəni irsini, məscidlərini, tarixi abidələrini, qəbiristanlıqlarını və təbiətini sistemli şəkildə dağıtdılar, ekoloji terrora məruz qoydular.
Tarixi ədalətin bərpa olunacağı gün 2020-ci ilin payızında yetişdi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə irəliləyişini davam etdirərək cənub-qərb cəbhəsində mühüm strateji hərbi əməliyyatlar həyata keçirdi. Qubadlı əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını, döyüş qabiliyyətini və taktiki üstünlüyünü nümayiş etdirdi. Rayonun azad edilməsi həm də strateji baxımından mühüm rol oynadı: Laçın dəhlizinə nəzarət imkanlarını genişləndirdi və düşmənin manevr imkanlarını tamamilə məhdudlaşdırdı. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini və rayonun bir çox kəndlərini işğalçılardan təmizlədi. Bu qələbə xalqımızın mübarizə əzmini daha da gücləndirdi və Böyük Zəfərə gedən yolu qısaltdı.
İşğaldan azad olunduqdan sonra Qubadlı rayonunda dövlət səviyyəsində genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Dağıdılmış infrastruktur sıfırdan yenidən qurulur. Qubadlı Şəhəri Günü sadəcə təqvimdəki bir bayram deyil; bu, xalqımızın iradəsinin, ordumuzun gücünün, şəhidlərimizin qanı bahasına əldə edilən Zəfərin əbədiləşdirilməsidir. Bu gün həm də tarixi yaddaşın qorunması, gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması baxımından müstəsna əhəmiyyət daşıyır. Qubadlı göylərində qürurla dalğalanan üçrəngli Azərbaycan bayraqları bu torpaqlarda həyatın, əbədi sülhün və quruculuğun əbədi olaraq bərqərar olduğunu bütün dünyaya nümayiş etdirir.
Mehdiyeva Şövkət,
Nizami rayonu 129 saylı məktəbin müəllimi



