
Füzuli rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, rayonun bir sıra yaşayış məntəqələri dağıdılmış, minlərlə insan doğma yurdlarından didərgin düşmüşdür. Uzun illər ərzində füzulililər öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamışlar. İşğal dövründə şəhər və kəndlər dağıntılara məruz qalmış, tarixi və mədəni abidələrə ciddi ziyan dəymişdir. Buna baxmayaraq, Azərbaycan xalqı öz torpaqlarını heç vaxt unutmamış, ərazi bütövlüyümüzün bərpa olunacağına inamını qoruyub saxlamışdır.
2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələri növbəti genişmiqyaslı təxribat törətdi. Dinc azərbaycanlı əhalinin yaşadığı kəndlər atəşə tutuldu. Düşmənə öz yerini göstərmək, torpaqlarımızı azad etmək vaxtı artıq gəlib çatmışdı. Elə həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə “Dəmir yumruq” əməliyyatına başlandı. Müharibənin ilk günündə Füzuli istiqamətində Horadiz, Qərvənd, Qaraxanbəyli kəndlərinin, Cəbrayılda isə Böyükmərcanlı, Nüzgar kəndlərinin, Kəlbəcərdə Murovdağ zirvəsinin azad edilməsi düşmən cəbhəsinin yarılması ilə nəticələndi. Ağır itkilər verən Ermənistan silahlı qüvvələri geriyə çəkilməyə başladılar. Düşmənin keçilməz “Ohanyan səddi” adlandırdığı istehkam xətti qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində bir neçə saat ərzində yarıldı. Hərbi əməliyyatlar kompleks şəkildə və planlı olaraq aparılırdı. Kənd Horadiz istiqamətindən yüksəkliklərə irəliləyən kəşfiyyat qrupları, artilleriya bölmələrinə ötürülən dəqiq koordinatlar və nəticədə düşmənin məhv edilməsi bizi qələbəyə yaxınlaşdırırdı.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu.
Vətən müharibəsinin gedişində füzulilərin yurd həsrətinin bitdiyi xəbərini Ali Baş Komandan İlham Əliyev özünün Tvitter səhifəsindən və televiziya müraciətindən Azərbaycan xalqına böyük sevinclə elan etdi. Füzulinin düşməndən təmizlənməsi, Milli Ordunun şəhərə nəzarəti ələ alması xəbəri sözlə ifadə olunması mümkünsüz bir coşğu yaratdı. Ordumuz təmas xətti ilə bağlı erməni mifini dağıtmış, keçilməz deyilən istehkamları yara bilmiş, Füzuli əməliyyatını müvəffəqiyyətlə bitirərək, doğma yurdu düşmənin pəncəsindən çəkib çıxarmağı bacarmışdı. Füzuli minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox mina basdırılıb. Bu fakt da bizi kədərləndirir, çünki Füzuli ilə bağlı iqtisadi inkişaf proqramının sürətini əngəlləyir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



