
16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Tatlı kənd”, “Köhnəqışlaq kənd” və “Göycəli kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 17 oktyabr “Füzuli şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar milli yaddaşımızda qürur, qəhrəmanlıq və azadlıq rəmzi kimi əbədi yaşayır. 17 Oktyabr – Füzuli şəhəri günü də bu əlamətdar tarixlərdən biridir. Bu gün xalqımızın torpaq sevgisini, milli birliyini və əzəli yurd yerlərinə qayıtmaq əzmini təcəssüm etdirir.
Daha sonra çıxış edən natiqlər – veteran partiyaçı Məmməd Məmmədov, Vətən müharibəsi iştirakçıları Abı Əliyev və Samir Ələkbərov bildiriblər ki, 2020-ci il oktyabrın 17-də Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti nəticəsində Füzuli şəhəri işğaldan azad edildi. Bu tarixi hadisə Vətən müharibəsinin mühüm mərhələlərindən biri olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan qətiyyətli addımlardan idi. Füzulinin azad olunması xalqımızın uzun illər davam edən doğma torpaqlara qayıdış arzusunun gerçəkləşməsinə doğru mühüm yol açdı. Füzuli şəhərinin azadlığı Azərbaycan əsgərinin qəhrəmanlığının, xalqımızın həmrəyliyinin və dövlətimizin güclü iradəsinin təcəssümüdür. Bu Zəfərin əldə olunmasında canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır.









