
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür. Bu əlamətdar gün Füzuli şəhərinin işğaldan azad olunmasını, tarixi ədalətin bərpasını və doğma torpaqlarda həyatın yenidən canlanmasını təcəssüm etdirir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il oktyabrın 18-də Füzuli rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə tarixi Zəfərimizdən geniş bəhs edərək qarşıda duran hədəfləri açıqlamışdır. O, çıxışında bildirmişdir: “Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik… Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar… Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır”.
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli rayonuna da səfərləri davamlı xarakter daşıyır. Səfərlər çərçivəsində mühüm sosial obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edən Prezident İlham Əliyev Böyük Qayıdış prosesinin sürətləndirilməsi istiqamətində mühüm addımlar atır. Onun tapşırıqlarına əsasən, rayonda yenidənqurma işləri aparılır, infrastrukturun bərpası istiqamətində irimiqyaslı layihələr həyata keçirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində Füzuli rayonunda mühüm infrastruktur layihələri reallaşdırılmışdır. “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, eləcə də Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir.
Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində də mühüm layihələr həyata keçirilmişdir. Zəfər yolu, Füzuli–Hadrut və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yollarının istifadəyə verilməsi bölgənin nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, iqtisadi potensialının artırılmasına və digər azad edilmiş ərazilərlə əlaqələrin genişləndirilməsinə şərait yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir. Bu hava limanı Qarabağın nəqliyyat imkanlarının genişləndirilməsi, bölgənin beynəlxalq əlaqələrinin inkişafı və gələcək iqtisadi tərəqqisi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev səfərləri zamanı Füzuli rayonunun bərpası istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulamış, regionun inkişafında dövlət dəstəyinin və beynəlxalq əməkdaşlığın roluna diqqət çəkmişdir. Bu layihələr Füzulinin iqtisadi potensialının gücləndirilməsinə, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına və bölgədə davamlı inkişafın təmin olunmasına xidmət edir. Doğma yurda qayıdan sakinlər üçün müasir yaşayış şəraitinin yaradılması, sosial obyektlərin tikilməsi və yeni iş imkanlarının formalaşdırılması Böyük Qayıdışın əsas istiqamətlərindəndir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılmışdır. Uzun illər işğal altında qalan torpaqlarımız azad edilmiş, xalqımızın otuz ilə yaxın davam edən Vətən həsrətinə son qoyulmuşdur. Bu Zəfər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.
Bu gün işğaldan azad edilmiş şəhər və kəndlərimizin azadlıq günləri böyük qürur hissi ilə qeyd olunur. Füzulidə aparılan bərpa və quruculuq işləri, infrastrukturun yenilənməsi və sakinlərin doğma yurdlarına qayıdışı tarixi Qələbəmizin davamı olan mühüm proseslərdir. Azad edilmiş ərazilərdə həyatın yenidən qurulması yalnız fiziki infrastrukturun bərpası deyil, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillər üçün dayanıqlı inkişafın təmin edilməsidir.
17 oktyabr – Füzuli Şəhəri Günü xalqımızın qələbə əzmini, doğma torpaqlara bağlılığını və gələcəyə inamını ifadə edən əlamətdar gündür. Füzulinin yenidən qurulması və inkişafı dövlətimizin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinin, Böyük Qayıdışın və azad edilmiş ərazilərdə həyatın bərpasının mühüm nümunələrindən biridir.
Babayev Ramil,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi



