AnalitikaGündəmSiyasət

Bərpa olunan haqq, Böyük Qayıdış və azadlıq işığı: Füzulinin dirçəliş dastanı

Tarixin hər bir mərhələsində xalqların gücü və milli ruhu sınaqlardan necə çıxması ilə ölçülür. 17 oktyabr təqvimdə sadəcə bir gün deyil, xalqımızın otuz illik həsrətinin, çəkdiyi ağrıların və heç vaxt sönməyən ümidlərinin Zəfərə çevrildiyi tarixi gündür. Uzun illər ərzində xarabalığa çevrilən, daşları sökülərək dağıdılan, böyük bir coğrafiyası silinməyə çalışılan Füzuli bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Ordumuzun rəşadəti və xalqımızın sarsılmaz iradəsi sayəsində yenidən dirçəlir. Bu gün bir daha dərk edirik ki, torpağı azad etmək nə qədər böyük qəhrəmanlıqdırsa, onu yenidən qurmaq, oraya həyatı və insan nəfəsini qaytarmaq da bir o qədər möhtəşəm dövlətçilik təntənəsidir.

Füzuli mənəvi yaddaşımızda hər zaman xüsusi yer tutub. Bu torpaq əsrlər boyu zəngin mədəniyyətimizin, tarixi-dini abidələrimizin və köklü adət-ənənələrimizin beşiyi olub. Şeyx Babi Yaqub türbəsi və Qarğabazar karvansarası kimi tarixi abidələrin işğal illərində dağıdılması təkcə xalqımızın deyil, bütövlükdə bəşəri mədəni irsin faciəsi idi. Lakin 2020-ci ilin payızında cəbhədə yazılan Zəfər tarixi bu ədalətsizliyə son qoydu. Füzuli əməliyyatı 44 günlük Vətən müharibəsinin mühüm strateji mərhələlərindən biri oldu. Düşmənin illərlə qurduğu istehkamlar yarıldı və Şuşaya aparan Zəfər yolunun açılmasında mühüm addım atıldı.

Bu gün vaxtilə minalanmış və viran qalmış ərazilərdə müasir infrastrukturun yaradılmasının, quruculuq işlərinin sürətlə həyata keçirilməsinin şahidi oluruq. Azadlıqdan sonra Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşa edilərək istifadəyə verilməsi dövlətimizin iqtisadi və təşkilati imkanlarının əyani göstəricisinə çevrildi. Şəhərdə salınan yeni yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və bərpa olunan kəndlər göstərir ki, biz doğma torpaqlarımıza yalnız qayıtmır, həm də onları yenidən qurur, gələcək nəsillər üçün möhkəm təməl yaradırıq.

Füzulinin dirçəlişi beynəlxalq müstəvidə qardaşlıq və həmrəyliyin də rəmzinə çevrilib. Özbəkistanın dəstəyi ilə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb və Qazaxıstanın töhfəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Türk dünyasının ortaq dəyərlər və ideallar ətrafında birliyini nümayiş etdirir. Bu təhsil və yaradıcılıq ocaqları yalnız təyinatına uyğun fəaliyyət göstərən müəssisələr deyil, həm də gələcək nəsillər üçün dostluğun, qardaşlığın və mənəvi birliyin rəmzidir.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan füzulililərin gözlərindəki sevinc, uşaqların gülüşü və yenidən canlanan küçələr bir həqiqəti təsdiqləyir: ən böyük Zəfər insanın öz torpağında azad, təhlükəsiz və qürurla yaşamasıdır. Füzuli Şəhəri Günü keçmişin yaralarını sarıyan, bu günün qürurunu yaşadan və gələcəyə inamla baxmağa imkan verən əlamətdar gündür.

Bizim borcumuz bu tarixi Zəfəri, quruculuq salnaməsini və dövlətçilik ideallarını daim uca tutmaq, gənc nəslə Vətən sevgisini, milli-mənəvi dəyərlərə bağlılığı və dövlətə sədaqət hissini aşılamaqdır. Füzulidə dalğalanan üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və əbədi varlığımızın rəmzi kimi hər zaman ucalarda dalğalanacaqdır.

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button