
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısı çıxışında Azərbaycan ilə Laos arasında 30 ildən artıqdır davam edən diplomatik əlaqələrin uğurla inkişaf etdiyini, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiklərini vurğulayıb. Qəbul edilmiş Birgə Bəyanatın gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdiyini qeyd edən Prezident İlham Əliyev siyasi münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Bəyanatda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi xüsusi yer tutub. Prezident İlham Əliyev mövcud ticarət dövriyyəsinin iki ölkənin potensialını tam əks etdirmədiyini bildirərək investisiya imkanlarının artırılmasının, biznes əlaqələrinin inkişafının və yeni layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin energetika, mədənçilik, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb.
Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm məsələlərdən biri olub. Azərbaycan Prezidenti vaxtilə ölkəmizdə təhsil almış laoslu tələbələrlə bağlı ənənənin bərpa edilməsini təklif edib. Bununla yanaşı, mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın dost ölkələrlə qarşılıqlı hörmətə, ortaq maraqlara və konkret nəticələrə əsaslanan əməkdaşlıq siyasətinin növbəti təzahürüdür.
Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı



