
Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq mərhələsi
12 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşdən sonra mətbuata birgə bəyanatla çıxış edib. Görüş iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Azərbaycan və Kamboca arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini və bir-birini dəstəklədiyini vurğulayıb. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qarşılıqlı əlaqələrin inkişafı bu əməkdaşlığın mühüm istiqamətlərindəndir.
Dövlət başçısı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. Bu məqsədlə ticarət və investisiya sahəsində əməkdaşlığın praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması razılaşdırılıb. Həmçinin biznes forumların keçirilməsi, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və birgə istehsal müəssisələrinin yaradılması imkanları müzakirə olunub.
Bəyanatda turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın perspektivlərinə də xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev Azərbaycan və Kamboca arasında təhsil əlaqələrinin inkişaf etdirilməsinin, tələbə mübadiləsinin genişləndirilməsinin və əvvəlki illərdə mövcud olmuş təhsil ənənələrinin bərpasının vacibliyini vurğulayıb.Dövlət başçısı Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində uğurlu təcrübəsi olan “ASAN xidmət” modelinin Kamboca tərəfindən maraqla qarşılanmasını da ikitərəfli əməkdaşlıq üçün əhəmiyyətli imkan kimi dəyərləndirib.Prezident İlham Əliyev çıxışında mina probleminə də toxunaraq, bu sahədə təcrübə və bilik mübadiləsinin vacibliyini qeyd edib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, Böyük Qayıdış proqramının həyata keçirildiyini bildirib.
Dövlət başçısı sülh və təhlükəsizliyin inkişafın əsas şərtləri olduğunu vurğulayaraq, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini diqqətə çatdırıb.Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında ticarət və iqtisadi əməkdaşlıq, ikiqat vergitutmanın aradan qaldırılması, eləcə də təhsil və diplomatik əlaqələrin inkişafı istiqamətində sənədlər mübadilə olunub. Bu sənədlər gələcək əməkdaşlığın hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin inkişafına, qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Kamboca Baş nazirinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması üçün mühüm addımdır.
İsmayıl Salmanov,
YAP Hacıqabul rayon təşkilatının məsləhətçisi


