AnalitikaGündəmSiyasət

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasınım Sədri cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, dost və qardaş dövlətlərlə əlaqələrin genişləndirilməsinə, regional əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına mühüm töhfə verir. Bu baxımdan Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişafı, qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Cənab Prezidentimizin çıxışı ölkəmizin region dövlətləri ilə əlaqələrinin strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında “Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir” ifadəsini səsləndirərək iki ölkə arasında siyasi dialoqun intensivliyini və qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində ortaq iradəni vurğuladı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən ildən etibarən Azərbaycan və Türkmənistan arasında beş yüksək səviyyəli səfərin həyata keçirilməsi dövlətlərarası münasibətlərin fəallığının bariz göstəricisidir. Bu səfərlər siyasi əlaqələrin inkişafına, qarşılıqlı anlaşmanın dərinləşməsinə və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaradır.
Azərbaycan-Türkmənistan münasibətlərinin əsasını xalqlarımızın tarixi yaxınlığı, ortaq mənəvi dəyərləri, dostluq və qardaşlıq ənənələri təşkil edir. Bu münasibətlər təkcə siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmır, eyni zamanda mədəni-humanitar əməkdaşlıq, mənəvi bağlılıq və qarşılıqlı dəstək kimi mühüm istiqamətləri də əhatə edir. Prezident İlham Əliyevin çıxışında Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə məscidin inşasına xüsusi diqqət yetirməsi bu qardaşlığın konkret təzahürü kimi qiymətləndirilə bilər.
Ölkələrimiz arasında əməkdaşlığın inkişafı iqtisadiyyat, enerji, nəqliyyat, tranzit və logistika sahələrində də geniş imkanlar yaradır. Xəzər dənizinin nəqliyyat əlaqələrinin genişləndirilməsində artan rolu, Orta Dəhlizin əhəmiyyətinin yüksəlməsi və enerji resurslarının beynəlxalq bazarlara çatdırılması istiqamətində əməkdaşlıq Azərbaycan və Türkmənistanın regional və beynəlxalq iqtisadi proseslərdə mövqelərinin güclənməsinə xidmət edir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsi isə bütövlükdə regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına təkan verir. Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatında tamhüquqlu iştirakı siyasi, iqtisadi və humanitar əlaqələrin daha sistemli inkişafı üçün mühüm platforma yaradır. Bu format çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi regional təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin olunmasına da töhfə verir.
Prezident İlham Əliyevin Türkmənbaşı görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın mehriban qonşuluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan xarici siyasət kursunun mahiyyətini bir daha ortaya qoyur. Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişafı yalnız iki ölkənin milli maraqlarına deyil, bütövlükdə Xəzər hövzəsində və Mərkəzi Asiyada əməkdaşlığın dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və regionun strateji əhəmiyyətinin artmasına xidmət edir.
Beləliklə, Azərbaycan ilə Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri, yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq gələcək inkişaf üçün möhkəm zəmin yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü xarici siyasət Azərbaycanın regional tərəfdaşlıq proseslərində fəal iştirakını təmin edir, ölkəmizin beynəlxalq nüfuzunu artırır və türk dünyası dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button