
Gənc nəslin dünyagörüşünün formalaşması hər bir cəmiyyətin gələcəyinə təsir göstərən mühüm sosial prosesdir. Uşaqlıq və gənclik dövründə əldə olunan biliklər, mənimsənilən dəyərlər və formalaşan davranış vərdişləri insanın sonrakı həyatında mühüm rol oynayır. Müasir dövrdə bu proses yalnız ailə və təhsil müəssisələrinin təsiri ilə məhdudlaşmır. Sosial şəbəkələr, video platformalar, onlayn icmalar və müxtəlif rəqəmsal mənbələr də gənclərin maraqlarına, düşüncə tərzinə və dünyanı qavrama üsullarına təsir göstərir. Bu şəraitdə onların sağlam dünyagörüşünün formalaşdırılması ideoloji təhlükəsizlik məsələsinin mühüm istiqamətlərindən biri kimi çıxış edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında xaricdən yayılan ideoloji təsirlərə qarşı cəmiyyətin dayanıqlılığının artırılması məsələsinə toxunulub. Çıxışda təhsil və vətənpərvərlik ideoloji təxribatlardan qorunmağın əsas vasitələri kimi qeyd edilir. Bu yanaşma gənclərin yalnız müəyyən məlumatlarla təmin olunmasının deyil, həm də həmin məlumatları anlamaq, qiymətləndirmək və müstəqil qərar vermək bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini göstərir.
Gənclərin informasiya mühitində qarşılaşdıqları əsas çətinliklərdən biri çoxsaylı və bəzən bir-birinə zidd məlumatlar arasında düzgün seçim etməkdir. Müxtəlif platformalarda dini, siyasi, sosial və mədəni mövzularda təqdim edilən məzmunların keyfiyyəti eyni deyil. Bəzi paylaşımlar elmi və tarixi faktlara əsaslandığı halda, digərləri emosional təsir yaratmaq, insanları müəyyən fikrə yönəltmək və ya cəmiyyətdə qarşıdurma formalaşdırmaq məqsədi daşıya bilər. Buna görə də gənclərə məlumatın mənbəyini araşdırmaq, sübutları yoxlamaq və fərqli mövqeləri müqayisə etmək vərdişləri aşılanmalıdır.
Ailənin bu sahədə rolu xüsusi əhəmiyyət daşıyır. Valideynlərin uşaqlarla açıq ünsiyyət qurması, onların maraqlarını dinləməsi və qarşılaşdıqları məlumatlar barədə müzakirələr aparması sağlam dünyagörüşünün formalaşmasına kömək edir. Uşaqların suallarına yalnız qadağalarla cavab vermək əvəzinə, mövzunu yaşlarına uyğun şəkildə izah etmək və onları etibarlı mənbələrə yönləndirmək daha səmərəli maarifləndirmə üsuludur. Belə münasibət gənclərdə araşdırmaq, öyrənmək və çətinliklə qarşılaşdıqda kömək istəmək vərdişlərini gücləndirir.
Təhsil müəssisələri də gənclərin ideoloji təsirləri qiymətləndirmək bacarığının inkişafında mühüm yer tutur. Tarix, ədəbiyyat, vətəndaşlıq bilikləri və digər fənlər vasitəsilə şagirdlərə cəmiyyətin inkişafı, milli-mədəni irs və dövlətçilik ənənələri haqqında məlumat verilir. Bununla yanaşı, tədris prosesində müstəqil düşünmə, müzakirə aparma və arqumentləri əsaslandırma bacarıqlarının inkişafı diqqətdə saxlanılmalıdır. Müxtəlif məsələlərin faktlar əsasında təhlil edilməsi gənclərin həm milli dəyərləri daha dərindən anlamasına, həm də fərqli fikirlərlə qarşılaşdıqda əsaslandırılmış mövqe formalaşdırmasına imkan verir.
Dini mövzular da gənclərin dünyagörüşünün formalaşmasında əhəmiyyətli yer tuta bilər. Bu sahədə düzgün məlumatın əldə edilməsi, dini biliklərin etibarlı mənbələr əsasında öyrənilməsi və dini anlayışların siyasi məqsədlərlə manipulyativ şəkildə təqdim olunmasının fərqləndirilməsi vacibdir. Müxtəlif dini baxışlara münasibətdə qarşılıqlı hörmət, qanun qarşısında bərabərlik və zorakılığın rədd edilməsi prinsipləri ictimai münasibətlərin sağlam əsaslar üzərində qurulmasına kömək edir. Dini inancın özü ilə radikal və zorakı fəaliyyət arasında fərq qoyulması da obyektiv yanaşma üçün mühüm şərtdir.
Prezident İlham Əliyevin çıxışında vətənpərvərliyin ideoloji təhlükəsizlik baxımından əhəmiyyətinin vurğulanması gənclərin dövlətçilik şüurunun inkişafı məsələsini də gündəmə gətirir. Vətənpərvərlik ölkənin tarixinə və mədəniyyətinə hörmət, dövlət müstəqilliyinin dəyərini anlamaq, ictimai məsuliyyət daşımaq və cəmiyyətin inkişafında iştirak etmək kimi xüsusiyyətləri əhatə edir. Gənclərin ölkənin elmi, mədəni, iqtisadi və sosial həyatında fəal iştirakı onların gələcəyə dair məqsədlərinin formalaşmasına və cəmiyyətlə bağlılığının möhkəmlənməsinə şərait yaradır.
İdeoloji təhlükəsizlik məsələsində ictimai institutların əməkdaşlığı da vacibdir. Ailə, məktəb, gənclər təşkilatları, mədəniyyət müəssisələri və media arasında əlaqələrin gücləndirilməsi maarifləndirmə fəaliyyətinin daha geniş auditoriyanı əhatə etməsinə imkan verə bilər. Gənclərin debatlarda, elmi layihələrdə, könüllülük fəaliyyətində və mədəni təşəbbüslərdə iştirakı onların analitik düşüncə, ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir. Bu fəaliyyətlər gənclərin ictimai proseslərdə məsuliyyətli mövqe tutmasına da şərait yaradır.
Gənclərin ideoloji təhlükəsizliyinin təmin edilməsi onların informasiya əldə etmək imkanlarının məhdudlaşdırılmasından daha çox, bu imkanlardan düzgün istifadə etməyi öyrənməsinə əsaslanmalıdır. Bilik, tənqidi düşüncə, milli-mədəni irsə bələdlik və hüquqi mədəniyyət bir-birini tamamlayan amillərdir. Bu istiqamətlər üzrə ardıcıl maarifləndirmə gənc nəslin müstəqil düşünən, məlumatları obyektiv qiymətləndirən və cəmiyyət qarşısında məsuliyyətini dərk edən vətəndaşlar kimi yetişməsinə töhfə verə bilər.
Şəhanə Yaqutova,
YAP Xətai rayon təşkilatının fəalı



