
Təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin yaradılması, nizam-intizamın qorunması və təhsil prosesinin səmərəli təşkili bir sıra mühüm amillərlə yanaşı, geyim mədəniyyətinə də bağlıdır. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə əlaqədar müəyyən edilmiş tələblər məktəb mühitində vahid yanaşmanın formalaşdırılmasına və təhsil prosesinin ümumi qaydalar çərçivəsində təşkilinə xidmət edir.
Məktəbli geyimi təhsilalanların gündəlik məktəb həyatında səliqəli görünüşünü təmin etməklə yanaşı, onlarda məsuliyyət, intizam və kollektivə hörmət hisslərinin formalaşmasına da müsbət təsir göstərir. Vahid geyim yanaşması şagirdlər arasında bərabərlik prinsipinin qorunmasına, diqqətin xarici görünüşdən daha çox təhsilə, bilik və bacarıqların inkişafına yönəldilməsinə şərait yaradır. Bu baxımdan geyim qaydalarına əməl olunması məktəb həyatının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.
Təhsilverənlərin geyimi də təhsil mühitində xüsusi əhəmiyyət daşıyır. Müəllimlərin peşə fəaliyyətinə uyğun, səliqəli və müəyyən edilmiş tələblərə cavab verən geyim seçimi onların pedaqoji fəaliyyətinin ciddiliyini və müəllim nüfuzunu tamamlayır. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti və xarici görünüşü ilə şagirdlərə nümunə olmalı, məktəbdə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşmasına töhfə verməlidir.
Geyimlə bağlı tələblərin həyata keçirilməsində məktəb rəhbərliyinin, müəllimlərin və valideynlərin üzərinə mühüm vəzifələr düşür. Qaydaların mahiyyətinin düzgün izah edilməsi, şagirdlər arasında maarifləndirmə işinin aparılması və valideynlərlə əməkdaşlığın gücləndirilməsi bu prosesin daha səmərəli təşkilinə imkan yaradır. Eyni zamanda, tələblərin tətbiqi zamanı hər bir təhsilalanın hüquqlarına və ləyaqətinə hörmətlə yanaşılması, məsələlərin qarşılıqlı anlaşma əsasında həll edilməsi vacibdir.
Unutmaq olmaz ki, məktəb mədəniyyəti yalnız geyimlə məhdudlaşmır. Davranış qaydalarına riayət etmək, müəllimlərə və sinif yoldaşlarına hörmət göstərmək, dərslərə məsuliyyətlə yanaşmaq və məktəb əmlakını qorumaq da bu mədəniyyətin əsas göstəricilərindəndir. Geyim qaydaları isə həmin ümumi mədəniyyətin və intizamın mühüm elementlərindən biridir.
Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı tələblərə əməl olunması təhsil mühitində səliqənin, nizam-intizamın və peşəkar münasibətlərin möhkəmləndirilməsinə xidmət edir. Hər bir təhsilalanın və təhsilverənin müəyyən edilmiş qaydalara məsuliyyətlə yanaşması məktəbdə sağlam, təhlükəsiz və keyfiyyətli təhsil mühitinin formalaşmasına mühüm töhfə verir.
Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru



